TANAP layihəsi üzrə tikinti fasiləsiz davam edir
23.08.2015 611 0.0 0

Təxminən 10 milyard dollar dəyərində olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə tikinti işləri fasiləsiz davam etdirilir.

Bu sözləri Türkiyənin Qars vilayətinin Səlim Bələdiyyəsinin sədri Coşkun Altun deyib. O bildirib ki, təməli Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə Qarsda qoyulan və Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq TANAP-ın Səlim mahalındakı tikinti sahələrində işlər sürətlə aparılır.

TANAP-ın dünya layihəsi olduğunu deyən C.Altun bildirib ki, bu, Azərbaycan-Gürcüstan-Türkiyədən keçən koridorla Yunanıstan və Avropa ölkələrinə nəql ediləcək təbii qaz boru kəməridir.

O qeyd edib ki, TANAP həm iqtisadi, həm də geosiyasi baxımdan Türkiyə üçün çox mühüm layihədir. Bu layihə Ardahan vilayətinin Posof mahalından başlayır, əsas tikinti sahələri isə Səlimdə qurulub. TANAP hazırda uğurla və problemsiz həyata keçirilir.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar