Sürücülər mütləq oxusun -İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə mindi
01.03.2016 811 0.0 0

Azərbaycanda bu gündən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib. Məlumata görə, əvvəlki məcəlləyə əlavə və dəyişikliklər edilib və maddələrin sayı  458-dən 609-a çatıb. Qüvvəyə minən yeni məcəllədə sürücülərin diqqət yetirməli olduğu bir sıra məqamlar var. Həmin dəyişiklikləri  sürücülərin diqqətinə çatdırırıq.

1. Yeni qəbul edilən məcəllədə icbari sığortası olmayan sürücülərə elektron protokollar (MMX) tərtib ediləcək. Halbuki əvvəllər belə bir məsələ yox idi.

2. Sərxoş sürücülərlə bağlı maddələrdə  də bəzi dəyişikliklər edilib. Məsələn, əvvəllər sürücü ilk dəfə sərxoşluğa görə 300 manat cərimə və altı aydan bir ilə qədər sürücülük hüququndan məhrum edilirdisə,  indi  cərimə 400 manata qaldırılıb. Ancaq   müddət olduğu kimi saxlanılıb.

3. Sürücü avtomobili sərxoş vəziyyətdə idarə etməklə yanaşı işıqforun qırmızı işığında keçdikdə, yəni  sərxoşluqdan başqa daha bir qayda pozuntusu etdikdə cərimələr ayrı-ayrılıqda hesablanırdı. Ancaq hazırda hər iki addım bir qayda pozuntusu hesab olunur və bir cərimə təyin edilir.

4. Yeni məcəllədə sərxoşluğun müayinəsindən boyun qaçırmağa görə cərimələr də fərqləndirilib.

6. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə də elektron protokollar tərtib olunacaq.
5. Piyadalarla bağlı cərimələr də dəyişdirilib. Məsələn, əvvəllər sürücü yol ayrıcında piyadaya yol vermədikdə 60 manat və 3 bal cərimə edilirdisə, hazırda istər yol ayrıcında, istərsə də yolun istənilən hissəsindən keçən piyadaya yol verməyən sürücülər 50 manat cərimə ediləcək.   

7. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

8. Yeni məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq. 

9. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə  təqsirli sürücü (sürücülər), əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.

10. Sürücünün, avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal dayanacağa aparılacaq. 

11. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır. 
 

Ərşad Hüseynov - hüquqşünas

Hüquqşünas Ərşad Hüseynov  bütün bu dəyişiklikləri əhatə edən məcəllənin əvvəlkindən daha üstün olduğunu deyir: ”Yəni ki, əvvəlki məcəllədə mübahisəyə səbəb olan bir  sıra məqamlara düzəliş edilib. Ancaq bu məcəllədə də   bəzi kəsirlər mövcuddur. Məsələn, yeni məcəllədə lisenziyasız sərnişindaşımaya görə cərimələr nəzərdə tutulur. Ancaq lisenziyalar bir müddət əvvəl ləğv edilib. Ona görə də bu maddə “ölü” maddə hesab edilir. Məcəllə qüvvəyə minməzdən əvvəl belə maddələrə əl gəzdirilməli idi”, - deyə hüquqşünas əlavə etdi.

Ümumilikdə yeni məcəllədə cərimələrin məbləği nisbətən artırılıb. Milli Məclisin 2015-ci ilin dekabr ayının 29-da keçirilən plenar iclasında yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilib. 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə) ibarət olan yeni Məcəllə bir sıra sahələrdə cərimələrin sərtləşdirilməsini və digər yenilikləri nəzərdə tutur. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar