Tarix: 03.12.2016,   Saat: 19:36, Şənbə.          

Siyavuş Novruzov: Azərbaycanda müxalifət ona görə zəifdir ki...

"Azərbaycanda müxalifətin zəif olmasında iqtidarı günahlandırmaq və bunu hakimiyyətin mənfi cəhəti kimi də qəbul etmək səhv fikirdir. Azərbaycanda bu gün müxalifət ona görə zəifdir ki, hakimiyyət çox yaxşı işləyir, məntiqi olaraq çox güclüdür".

Qazeta.info bildirir ki, bu barədə Trend-ə açıqlamasında müxalifət düşərgəsinin son günlər mitinq hay-küyünün fiaskoya uğramasının səbəblərini şərh edən hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Partiya funksioneri bildirib ki, müxalifətin zəifliyini iqtidarla bağlamağı normal düşüncənin məhsulu hesab etmək olmaz. Deputat hesab edir ki, ölkədə antaqonist ziddiyyətlər, ciddi sosial problemlər mövcud olanda müxalifət üçün geniş fəaliyyət meydanı yaranır: "Bu gün müxalifətin zəifliyini hakimiyyətin basqısı ilə əlaqələndirmək səhv fikirdir. Ölkədə sosial problemlər həll olunmayanda, ölkə iqtisadi cəhətdən zəifləyəndə, dövlət başqa ölkələrin təsiri altına düşəndə müxalifət güclü olur. Dünya tarixinə baxsaq, görərik ki, bu günə qədər Hindistanda, Pakistanda, keçmiş sovet məkanında, Şərqi və Qərbi Avropada belə, iqtidar ölkənin taleyüklü məsələlərini öz çiyinlərinə götürməyəndə və ya millət qarşısındakı öhdəliklərini yerinə yetirə bilməyəndə müxalifət xalqın dəstəyi ilə bunu tələb edir".

S.Novruzov hesab edir ki, 1990-cı illərdəki Azərbaycan hakimiyyəti müxalifətə uduzdu: "Azərbaycanda müxalifət yalnız 1990-cı illərdə, milli azadlıq hərəkatı zamanı meydanlarda güclü olub. O zaman Azərbaycandakı mövcud hakim siyasi rejim, hakimiyyət müxalifətin qarşısında dayana bilmədi, tab gətirmədi. Təkcə 1988-1993-cü illər arasında üç dəfə hakimiyyət dəyişdi. Bu, sadəcə hakimiyyət böhranı deyildi, dövlətçilik üçün ciddi təhlükənin olduğundan xəbər verirdi. Hazırda isə Azərbaycan müxalifəti xalqdan ayrı düşərək tamamilə marginallaşıb və məqsədsiz yaşayır. Dövlətin inkişafı və millətin gələcəyi üçün heç bir ideoloji xəttə, alternativ inkişaf proqramına və konsepsiyaya malik deyil".

O əlavə edib ki, bu gün Azərbaycanda ölkənin bütün taleyüklü məsələ və problemlərini mövcud iqtidar öz üzərinə götürüb və bunları çox uğurla həll edir: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın gələcəyini möhkəm təminat altına alan strateji hədəflər müəyyənləşdirib və ölkə bütün istiqamətlərdə çox ciddi nailiyyətlər qazanır. Ordumuz bölgənin ən güclüsüdür, iqtisadiyyatımız isə Qafqazın üçdə ikisini təşkil edir. Bu gün Azərbaycan iqtisadiyyatı öz inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada addımlayır".

Millət vəkili bildirib ki, Azərbaycanda demokratik hüquqi dövlətin və vətəndaş cəmiyyətinin bütün təsisatları uğurla fəaliyyət göstərir: "Siyasi partiyaların normal fəaliyyəti üçün dövlət tərəfindən hər il müntəzəm olaraq maliyyə vəsaiti ayrılır, onların sərbəst toplaşmaq hüququ tam təmin edilir. Söz, mətbuat azadlığı mövcuddur və sosial şəbəkələr sərbəst fəaliyyət göstərir".

S.Novruzov daha sonra qeyd edib ki, ölkədə etnik və dini tolerantlıq hökm sürür: "Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri sayılır. Başda Bakıda Qafqazın ən böyük Heydər Əliyev məscidi, Gəncə və Şamaxıdakı tarixi məscidlər olmaqla ölkəmizdə onlarla ibadətgahlar tikilib və ya yenidən qurulub. Vicdan azadlığının tam təmin olunduğu ölkəmizdə dindarların öz ibadətlərini etmələri və inanclarını yaşamaları üçün dövlət tərəfindən hər cür şərait yaradılıb".

O vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi sabitik mövcuddur, sosial problemlər qaldırılır və vaxtında öz həllini tapır: "Təbii ki, bütün problemləri bir gündə həll etmək mümkün deyil. Bu gün Azərbaycan xalqı iqtidara etibar edir, inanır və əmindir ki, bütün problemlər ardıcıllıqla, mərhələ-mərhələ öz həllini tapacaq. Əvvəllər insanlar rayonlara şikayətə Bakıya gəlirdilər. Amma artıq bu gün ölkə başçısı nazirləri rayonlara xalqın yanına göndərir. Təkcə Azərbaycana məxsus innovasiya olan "ASAN xidmət"in adını çəkmək kifayətdir ki, müxalifətin korrupsiyaya aid nağılları sabun köpüyü kimi dağılsın.

YAP rəsmisi bildirib ki, bütün bu amillərə görə də Azərbaycanda politologiyanın klassik mənasında müxalifət yoxdur: "Əsas səbəb budur. Burada hakimiyyətdə günah axtarmaq və ya iqtidarı nələrdəsə ittiham etmək səhvdir. Azərbaycan hakimiyyəti bu gün dövlətin qarşısında duran strateji və vacib əhəmiyyətli problemləri uğurla həll etdiyinə görə müxalifət “yoxdur” deyilə biləcək qədər zəifdir".



  Bölmə: Siyasi | Baxış sayı: 255 | Tarix: 20.09.2016, 13:08


Xəbərlər