Siyavuş Novruzov- 2021-ci il ölkəmiz üçün uğurlu keçib
18.01.2022 626 0.0 0

Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Qazeta.info Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən bildirir ki, iclası açan komitə sədri Siyavuş Novruzov 2021-ci ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib. Prezident İlham Əliyevin ötən ildə işğaldan azad olunmuş ərazilərə tarixi səfərlərini və burada Böyük Qayıdışa hazırlıq məqsədilə uğurla həyata keçirilən nəhəng bərpa-quruculuq layihələrini xüsusi vurğulayan komitə sədri yola saldığımız ili Azərbaycanın Zəfər yürüşünün davamı kimi dəyərləndirib.

O, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2021-ci ildə həyata keçirilən sistemli islahatların iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirib ki, ötən ildə siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verib. Siyavuş Novruzov qeyd edib ki, müasir Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, qalib ölkə, qalib xalq kimi qarşısında yeni perspektivlər açılıb.

Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional  məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional  məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla 2 məsələnin müzakirəsi çıxarılıb.

Əvvəlcə hesabatı təqdim edən komitə sədri bildirib ki, hesabat dövründə Regional məsələlər komitəsinin keçirdiyi 7 iclasda 4 məsələyə baxılıb, o cümlədən  “Yerli (bələdiyyə) vergilər və ödənişlər  haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üç oxunuşda müzakirələrdən keçib. Komitə həmçinin Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans təşkil edib.

Fəaliyyətini karantin rejiminin tələblərinə uyğun quran komitənin ünvanına 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan elektron və kağız formada 67 müraciət, ümumilikdə komitə üzvlərinə 1034 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb, onların bir qisminin icrası təmin edilib, digərlərinin həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb və müvafiq tədbirlər görülüb.

Bildirilib ki, həmçinin regional məsələlər komitəsi üzvləri sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə fəal iştirak ediblər, aktual ictimai-siyasi məsələlərlə bağlı öz mövqelərini bildiriblər. Eyni zamanda təmsil etdikləri ərazilərdə cəmiyyətin həssas qrupları, şəhid ailələri, qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.

İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.

İclasda komitə üzvləri regionların inkişafı, yerli üzünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə payız sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.

Müzakirələrin sonunda Regional  məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və  2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin üzvü Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar