Sevil Əliyeva: «İlhamın doğum evindəki siması hələ də yadımdadır » (VİDEO)
15.07.2015 1120 0.0 0

"Uşaqlığımın ən yaxşı dövrü biz yayı Bilgəhdə keçirdiyimiz illər idi. Bu DTK-nın əməkdaşları üçün olan istirahət evi idi". 

Məlumata görə, bunu mərhum prezident Heydər Əliyevin qızı, indiki dövlət başçısı İlham Əliyevin bacısı, tanınmış bəstəkar və ictimai xadim Sevil Əliyeva “Space” telekanalına müsahibəsində deyib. 
Hazırda Londonda yaşayan Sevil Əliyeva atası, anası və qardaşı haqda xatirələrini bölüşüb. 

Onun sözlərinə görə, bu istirahət evinə sovet ittifaqının hər yerindən gəlirdilər. "Biz də orada yaşayırdıq. Anamla atam işdə olduqları üçün orada mən, kiçik qardaşım İlham, bir də dayəmiz qalırdıq. Qapıların hamısı ümumi eyvana açılırdı. Qapılar açılanda böyük bir meydana çıxırdın. Hamı o eyvana yığışırdı. O zaman kimdəsə nədənsə qorxmaq, neqativ fikirlər olmurdu. Eyvanda oynarkən başqa otaqlara boylana da bilərdik. Çünki qonşularımız da uşaqlıq dostlarımız idi". 

S.Əliyeva uşaqlıq illərindən dənizə vurğun olduğunu deyib. Onun sözlərinə görə, dənizə uşaqları aparmaq işi Lyuda xala adlı bir qadına tapşırılmışdı. Axşamlar isə onlar kinoya gedər, süd-kefir içər, tennis oynayardılar. 

"İndi xatırlayanda görürsən ki, bunlar o qədər adi, o qədər sadə şeylərdir ki... Mən bilmirəm indi uşaqlar necə hansı şəraitdə böyüyürlər".

 

 

Onun sözlərinə görə, ərazidə digər tərəfdən fin evləri var idi. Onlar bu ərazidə də bir müddət qalıblar. Aparıcının "qapıda xüsusi mühafizəçi var idi?" sualına isə cavabı belə olub: "Heç bir mühafizə xidməti yox idi. Darvazanın yanında Qrişa adlı bir qoca dayanırdı. O da çox vaxt yuxulu olurdu. Gecə də, gündüz də qapını o açardı. Hərdən nəvəsi onu əvəz edər və ya kimsə kömək edərdi". 

S.Əliyeva atası H.Əliyevin sevməyi bacaran insan olduğunu bir daha təkrarlayıb. O, qeyd edib ki, atasında sevmək ilahi bir vergi idi. "O anamı sevirdi. Ömrünün axırınadək də sevdi. O deyirdi ki, anama rast gəlməsə heç vaxt evlənməyəcəkdi. Mən buna inanırdım". 

 


Sevil Əliyeva - Heydər Əliyevin qızı


Mərhum prezidentin qızı ilk evləri haqqında da danışıb. Bu mənzil Çkalovski döngəsində, 6 saylı məktəbin yanında idi.
"O mənzil mənim böyüdüyüm, doğma mənzil idi. Bir yemək, bir yataq otağı var idi. Bu mənzildə atam, anam, mən, atamın bacısı Rəfiqə və Cəlal Əliyev yaşayırdıq. Sonra İlham doğuldu. Sonra başqa mənzilə köçdük. Şaumyan küçəsi 22 ünvanındakı evə. Mənzil 5 idi. Bu mənzili atama DTK-dan verdilər. Biz hələ Şkalov döngəsində yaşayırdıq. Bir gün atam mənimlə anamı təzə mənzilə dəvət etdi. Biz içəri girdik. Mənzili elə bəyənmişdik ki... Ömrümdə elə mənzil görməmişdim. Mənzili özü təmir etdirmişdi". 

Prezidentin bacısı qardaşı haqqında xatirələrini də bölüşüb. İ.Əliyev doğulanda Sevilin 6 yaşı olub. "Mən nənəmgildə idim. Atamla anam axşam gəlib məni götürdülər. Biz bulvarla evə gedirdik. Bir axşam anamın vəziyyəti pisləşdi. Səhər isə mənə qardaşımın doğulduğunu dedilər. 

Mən atamla doğum evinə getdim. Bizi yeni doğulanlar olan otağa apardılar. İlhamın körpə yatağındakı siması mənim hələ də gözümün önündədir. Körpələr hamısı bir birinə bənzəyir axı. Amma onun üzünü dəqiq xatırlayıram. Olduğu kimi. Elə ağ, elə qəşəng idi ki. Hamıdan fərqlənirdi, çox gözəl uşaq idi. Artıq fikirləşirdim ki, o evə gələcək və mən onun qayğısına qalacam. Mən qardaşıma qulluq edən anama necə kömək etdiyimi xatırlayıram. Məncə, az ailə var ki, orada 4 nəfər bir bütün kimi yaşaya bilir. Dörd nəfərin dördü də bir-birini eyni dərəcədə sevirdi. Biz konfeti də yarı bölürdük. Yadımdadır, limonlu karamellər vara idi. Biz onu İlhamla yarı bölürdük. 

Mən qardaşımın məktəbdə necə oxuduğunu xatırlayıram. Baş çəkib, yoxlayırdım ki, onu incidən yoxdur ki". /anspress/

 

Sevil Əliyevanın müsahibəsi 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar