Salyanda şəhid zabitin medalı anasına təqdim edildi
07.05.2016 1072 0.0 0


Cəbhə bölgəsində düşmənlə döyüşdə qəhrəmancasına şəhid olan baş leytenant, 26 yaşlı Rəşid Rövşən oğlu Mehdiyevin təltif edildiyi "İgidliyə görə" medalı anası Məxpurə xanıma təqdim edilib.
 
Məlumata görə, mərasim Salyan rayonundakı Heydər Əliyev mərkəzində keçirilib.
 
Tədbirdə şəhidin valideynləri, Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Salyan Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Mərasimdə polkovnik Abdulla Qurbani çıxış edərək şəhid Rəşid Mehdiyevin döyüş yolundan söz açıb. Müdafiə Nazirliyinin rəsmisi ötən ay Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyini bildirib.
 
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və digərləri çıxışlarında şəhid zabit Rəşid Mehdiyevin igidliyindən söz açaraq, onun xatirəsinin daim əziz tutulacağını vurğulayıblar. Çıxış edənlər şəhid zabitin valideynlərinə dərin təşəkkürlərini bildiriblər. Şəhidin anası Məxpurə xanım isə oğlu ilə fəxr etdiyini deyərək, çıxışını “Vətən sağ olsun!” cümləsi ilə bitirib.
 
Xatırladaq ki, 26 yaşlı zabit Rəşid Rövşən oğlu Mehdiyev Tərtər rayonu ərazisində yerləşən təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən şəhid olub. Baş leytenant Rəşid Mehdiyev aprelin 5-də doğulduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb. /apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar