ŞƏKİDƏ QADIN 3 ÖVLADINI DA GÖTÜRÜB SURİYAYA QAÇDI
15.01.2015 968 0.0 0

Məmmədova Elnurə Beydullah qızı üç övladını da özü ilə götürərək Suriyaya gedib.

Bu barədə Elnurə Məmmədovanın qayınanası, 84 yaşlı Humay Məmmədova məlumat verib. Onun sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Elnurə Məmmədovanı Suriyaya getməyə təhrik edən anası digər qızının iki azyaşlı övladlarını da özü ilə aparıb. 9 nəfərlik qrup dekabrın 23-də səhər tezdən Daşüz kəndini tərk edərək Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur. Qeyd edək ki, Elnurə Məmmədova övladlarını hazırda Rusiyada işləyən əri İbrahim Məmmədovun xəbəri olmadan aparıb. Humay Məmmədova nəvələri 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günayın ölkədən atasının razılığı olmadan çıxarıldığını deyir. Onun sözlərinə görə, ailə üzvləri baş verən hadisə ilə bağlı araşdırma aparıblar və məlum olub ki, Elnurə Məmmədova anası və yeznəsinin köməyi ilə Bakıda notarius tapıb və Hüseynov Səadət Eldar oğlunun əli ilə uşaqların xaricə getməsinə atasının guya razılıq verdiyi barədə sənəd hazırlanıb. Uşaqların Gürcüstan ərazisinə bu sənəd əsasında keçdiyi güman olunur. Artıq ailə üzvləri faktla bağlı Azərbaycanın güc strukturlarına və Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edib. Məmmədovlar ailəsinin bəzi üzvləri gəlin və övladları axtarmaq üçün Türkiyəyə də gediblər. Bu ölkənin güc strukturları da Şəki rayonu Daşüz kəndinin 9 nəfər sakininin Türkiyədən Suriyaya keçə biləcəyi barədə məlumatlandırılıb. Lakin bütün səylərə rəğmən ailənin sonrakı taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Əldə olunan məlumata görə, övladlarını götürüb Suriyaya gedən Elnurə Məmmədovanın qardaşları Sahib, Tahir və Rövşən Şabanovlar uzun müddətdir Suriyada və burada gedən döyüşlərdə aktiv iştirak edirlər. Ana və bacılarının, bacısı uşaqlarının və yeznələrinin Suriyaya gəlməsində də onlar təkid ediblər. 84 yaşlı Humay Məmmədova qardaşların dəfələrlə bacılarına köçüb Suriyaya gəlmələrini təkid etdiyini deyib. Nənə bu barədə Rusiyada yaşayan oğluna xəbər verib və oğlu İbrahim Məmmədov zəng vuraraq həyat yoldaşı ilə danışıb və onu bu niyyətdən çəkindirib. Humay Məmmədovanın sözlərinə görə, gəlin oğluna heç yerə getməyəcəyinə söz versə də, dekabrın 23-də evdə heç kim olmayan vaxt uşaqlarını da götürüb anası, bacısı və yeznəsi ilə ölkəni tərk edib. Elnurə Məmmədovanın üç qardaşı ilə yanaşı Şəkinin Daşüz kəndindən daha iki nəfərin də Suriyada gedən döyüşlərdə iştirak etdiyi bildirilir.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar