Səhiyyə Nazirliyinin eksperti: Ötən il 12 min 465 uşaqın qan-damar sistemi xəstəliklərindən əziyyət çəkdiyi qeydiyyata alınıb
18.11.2021 90 0.0 0

Uşaq kardioloqu Elnur Həsənov hamiləlik dövrü və yenidoğulmuşlarda rast gəlinən ürək qüsurları barədə məlumat verib.

 

- Anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi nə qədərdir və bu proses hansı faktorlarla bağlıdır?

- Hazırda anadangəlmə ürək qüsurlarının rast gəlmə tezliyi dünyanın müxtəlif ölkələrində fərqli diapazonlarda dəyişir. Ölkəmizdə bu nisbət hər 1000 doğuşa 7-8 ürək qüsurlu yenidoğulmuş təşkil edir. Əslində bu kiçik populyasiyalar üçün böyük rəqəmlərdir.

Ürək qüsurları bətndaxili inkişafın müxtəlif dövrlərində bir çox faktorların təsiri nəticəsində əmələ gələ bilər. Buna gen, xromosom səviyyəsində olan dəyişikliklər, embriogenezin artıq ürəyin formalaşmağa başladığı dövrünə təsadüf edən pozğunluqlar və ya hamiləlik dövründə ana orqanizminə təsir edən xarici faktorlar (dərman qəbulu, alkoqol və ya siqaret istifadəsi, digər zərərli vərdişlər) aiddir. Molekulyar səviyyədə baş verən dəyişikliklərə xromosom və gen anomaliyaları aiddir. Bunlardan hamımızın bildiyi xromosom artıqlığı səbəbi ilə yaranan Daun sindromudur. Bu xəstələrin təxminən 40%-i ürək qüsuru ilə anadan olur və qüsurlu xəstələrin demək olar ki, böyük faizi erkən yaşda cərrahi müalicəyə ehtiyac duyur.

Ümumilikdə, 2020-ci il ərzində Azərbaycanda 18 yaşına qədər qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən 12 min 465, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları problemi ilə isə 2021 uşaq qeydiyyata alınıb.

 

- Hamiləlik dövründə hansı laborator və instrumental müayinə metodlarının köməkliyi ilə bu xəstələrə diaqnoz qoyula bilər və ümümilikdə dəqiq diaqnoz qoyulması mümkündürmü?

- Hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stress faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər. Artıq hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə uşaqda ürək qüsurlarının diaqnostikası aparıla bilər. Bu metodla müayinənin ideal aparılma vaxtı 16-24-cü həftələr arasıdır, amma bütün hamiləlik periodunda aparıla bilər.

 

- Doğuşdan sonrakı periodda hansı hallarda və hansı əlamətlərin varlığında uşaqda ürək qüsurundan şübhələnilə bilər? Neanotoloji mərkəzlərdə bu proses necə tənzimlənməlidir?

- Anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərə bilər, hansıki bu ana tərəfindən çox rahatlıqla görülə bilər. Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəs alma və döş qəfəsində gözlə görünən ürək döyünməsi sayının çox olmasını qeyd edilə bilər. Ürəyində böyük dəlik olan uşaqlarda isə aylarla çəki almama, tez-tez tənəffüs yolları infeksionları, göyərmə və bayılma kimi əlamətlər görülə bilər. Ümumiyyətlə yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur. Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə uşaqda qanın oksigenlə doyumluluğu yoxlana bilər və bu göstərici də hər hansı bir dəyişikliklər uşaqda ürək qüsuru haqqında şübhə yarada bilər. Daha sonra isə pediatr tərəfindən müayinə olunan uşaqlarda hər hansı bir küyün eşidilməsi uşaqda ürək qüsuru olması haqqında təsəvvür yarada bilər və bundan sonra valideynlər planlı şəkildə pediatrik kardioloqa yönləndirilə bilər.


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar