
Azərbaycan səhiyyəsi Bağdad bazarına dönüb.
Bağdad bazarı deyəndə biz səhiyyə sistemində, xüsusi ilə də xəstəxanalarda korrupsiya hallarının baş verməsi və orada bazar qanunlarının tüğyan etməsinə eyham vurmuruq. Xeyir, təkcə səbəb bu deyil. İraq və bu kimi bölgələrdə küçə, meydan və bazarlarda baş verən terrorlardan dolayıdır. Çoxlarımız bilirik ki, qeyd edilən ərazilərdə insanların bazarlara və hər hansı bir işin ardınca evdən çıxıb sağ-salamat geri dönəcəyi sual altındadır. Bu səbəbdən də bazar, dükan açıq-aşkar “gedər-gəlməz” olub. Eyni ilə ölkəmizin səhiyyə müəssisələri kimi.
Azərbaycan xəstəxanalarına yolu düşənin gələcəyi haqda fikir söyləmək çox çətindir. Sağalıb şəfa tapmaq üçün müraciət etdiyimiz xəstəxanalardan sağ dönüb-dönməyəcəyimiz haqda fikir söyləmək çox -çətin olub.
Hələ ən yüngül xəstəyə analizlərə çəkilən xərcdən və yazılan uzun siyahılı reseptlərdən ürək xəstəliyinin yaranma səbəbi ola biləcəyi insafsız və məsuliyyətsiz səhiyyə sisteminə canı əmanət etmək də təhlükəli olub. Amma təki problem bu qədər sadə ola.
Bəs nə baş verir?
Məlum olduğu kimi xəstəxanalarda ardıcıl olaraq ölüm hallarının baş verməsi sanki bir ənənəyə çevrilib. Hər il ana-uşaq ölümü və həkim məsuliyyətsizliyindən onlarla insan həyatını itirir. Bəs ölkəmizdə artıq adi hala çevrilmək kimi təhlükəli hala dönüşmüş bu hadisələrin əsl səbəbi nədir? Səhiyyə Nazirliyinə inansaq, gərək biz də buna kadr çatışmazlığı kimi ağlasığmaz ad verək. Gəlin baxaq doğrudanmı ölkəmizdə tibbi kadrların qıtlığı var? Hər il Azərbaycan Tibb Universtitetindən 900-1000 nəfər ali təhsilli həkim, dövlətin paytaxtı Bakıda 1 və 2 nömrəli orta ixtisaslı Tibb kollecindən orta hesabla ümumilikdə 500 nəfər, Lənkəran Tibb kollecindən 250-300 nəfər məzun, Naxçıvan və ölkənin digər rayonlarındakı dövlət və özəl universtitetlərindən, kolleclərindən məzun olan tibb mütəxəssislərini nəzərə alsaq, bu orta hesabla 2000 nəfəri ötür. Yəni hər il Azərbaycanda ən azından 1000 nəfər ali təhsilli həkim, bir o qədər də orta ixtisaslı tibb təhsilli mütəxəssis məzun olur. Amma uzun illərdir yerlərdəki dövlət xəstəxanaları neqativ hallara başlıca səbəb kimi tibbi personal çatışmazlığını göstərir. Bəs hanı bu illər ərzində diplom sahibi olan kadrlar? Niyə onlar işləmək üçün dövlət xəstəxanalarına cəlb olunmur?
Qazeta.info xəbər verir ki, araşdırma zamanı məlum oldu ki, səhiyyə sektorunda yer alan xoşagəlməz halların baş verməsində elə birinci növbədə özəl klinikalar və paytaxt Bakının dövlət xəstəxanalarıdır. Və təbii ki, ora gətirilən bahalı müayinə aparatları.
Əldə etdiyimiz məlumata görə, bu gün paytaxtdan kənarda yerləşən rayonlarda həkim çatışmazlığının əsl səbəbi süni şəkildə yaradılır ki, vətəndaşlar paytaxta üz tutub yerli-yersiz baha qiymətə müayinələrə cəlb edilsin və özəl klinikaların gəlir əldə etməsinə nail olunsun.
Ola bilsin ki, bir çoxları bizim gətirdiyimiz bu əsasa etiraz olaraq əhalinin Bakıda yerləşən özəl və dövlət xəstəxanalarından çox qonşu ölkələrə üz tutmasını misal gətirə bilər. Amma burda da bir məsələni əvvəlcədən qeyd edək ki, bu prosesin içində pasiyentlərin əksəriyyətini yerli tibb müəssisələrinə cəlb etmək kimi göstərici var.Yəni Azərbaycan səhiyyəsini acınacaqlı hala salanlar kütləvi şəkildə insanları başqa ölkələrə üz tutmaq kimi əzaba salmaqla yanaşı ölkədən müalicə məqsədi ilə külli miqdarda maliyyə çıxışına səbəbkar olsalar da, əhalinin yarıdan çoxunu yerli tibb müəssisələrinə yönəltmək məcburiyyətində olacağını dəqiq hesablaya bilirlər.
İlk öncə başlayaq dövlət müəssisələrindən. Əldə etdiyimiz məlumata görə, hazırda paytaxtdan kənar rayonlarda yerləşən xəstəxanalarda tibbi personalın çatışmaması bir məqsədə qulluq edir. Xəstələrin paytaxta yönəlməsinə. Məlumatımıza görə, bölgələrdə baş həkim vəzifəsini saxlamaq üçün tələb olunan əsas şərtlərdən biri “napravleniye” sayılır. Araşdırmamıza görə, Səhiyyə Nazirliyi bütün rayonların baş həkimlərinə fəaliyyətdə olduqları rayonun əhalisinin sayını nəzərə almaq şərti ilə onlara minumal limit tətbiq edir. Əgər hər hansı bir rayonda baş həkim postunu tutan şəxs hər ay onun üzərinə düşən say qədər xəstələrə “napravleniye” verib Bakıdakı xəstəxanalara cəlb edə bilmirsə və bu hal bir neçə ay ardıcıl davam edərsə o şəxs baş həkim postunda çox qala bilməz. Artıq bundan sonrasını anlamaq elə də çətin deyil. Adı dövlət xəstəxanası olsa da, Bakıda həmin dövlət xəstəxanalarında “çarpayı pulu” ən uçuz yerdə 20 AZN-dən başlayır. Hər həftə həkimin “hörməti”, tibb bacısının “hörməti”, hətta xadiməyə də hörmət olunmayanda belə o xəstəyə o qədər diqqətsizlik və psixoloji təsirlər olur ki, o xəstə borc-xərc ilə də olsa başqalarından “ucuz” tutulmamaq üçün həkimlərin “hörmətini” gətirməyə məcbur olur.
Bundan sonrası isə, xəstənin dərmanlarının əsas hissəsini öz pulu hesabına alması, həmin xəstəxanalarda müayinə zamanı xəstələrdən pul tələb olunması, stasionar müailicəyə buraxıldıqdan sonra həmin xəstələrin müayinə cihazlarından keçməsi üçün qat-qat baha qiymətə (xəstəxanada yatan xəstə ilə stasionar xəstələrə qiymət fərqini açıq şəkildə xatırlatmaqla) müainə edilməsi və s.
Qaldı ki, ölkədə hər gün yağışdan sonra çıxan göbələyi xatırladan yerli- yersiz özəl klinikalara? Bunların lisenziyaları necə əldə etdikləri bir yana, sistemin əsas gəlirini həm paytaxdakı pasiyentlər, həm də ki, özəl kilinkalara üstünlük verən bölgələrdən gələn digər insanlar təşkil etsə də, gəlirin yüksək hissəsini doğuş şektoru tutur. Məlum olduğu kimi, Bakıda artıq dövlət xəstəxanaları ilə özəl klinikalarda uşaq dünyaya gətirmək üçün qiymət sarıdan elə də böyük fərq yoxdur. Bütün dövlət və özəl tibb müəssisələrində uşaq dünyaya gətirmək 1200-1500 manatdır. Ana olacaq şəxslərin də hamiləlik dövründə müainə aparatlarından keçməsi üçün dövlət ilə özəl tibb müəssisələrində eyni məbləğ tələb olunur. Digər tərəfdən bütün dövlət xəstəxanalarında çalışan həkimlər hamilə qadınları özəl kilinikalara çox rahat yönləndirib həm özünü rüşvət qalmaqalından sığortalayır, həm də özəl klinikanın fəaliyyətinə şərait yaradır. Burda isə Səhiyyə Nazirliyindən heç cür yayınmaq mümkün deyil. Çünki ortada dünyaya gəlmiş insan var. Bu insanlar başda Səhiyyə Nazirliyi olmaqla digər ciddi qurumlardan qeydiyyatdan keçir. İstər özəl, istərsə də dövlət olsun hansı xəstəxanada neçə uşaq dünyaya gəlibsə bunun hesabatını aparmaq ele də çətin deyil. Eləcə də gəlirlərini bölüşdürmək. Yuxarıda qeyd edilənləri nəzərə alıb doğuş sektorunun həkimlərinin öz pasiyentlərini niyə bu qədər rahat şəkildə 9 ay ərzində bir neçə özəl kilinikanı “gəzdirdikdən” sonra, işlədiyi dövlət xəstəxanasında müayinəyə rahat cəlb etməsi və nəhayət harda ürəyi istəsə onun övladını elə o tibb müəssisəsində dünyaya gətirməsində rahat qərar verməsinin əsl səbəbi məlumdur. Amma bir şey məlum deyil. Necə olur ki, bu həkimlər və eyni texnologiya dövlət müəssisələrində həyəta keçiriləndə ana-uşaq ölümü hadisəsi baş verir? Niyə görə rayonlarda insanlar rayon xəstəxanalarında uşaq dünyaya gətirməyin ölüm ilə nəticələnəcəyi qorxusu hisslərini yaşayır? Necə olur ki, yerli xəstəxanalarda həkim laqeydliyi ilə yanaşı oradakı tibbi avadanlığın belə mövcud olması işə yaramır? Çünki işıq da sönəndə o avadanlıqlar kara gəlmir. Xəstəxanada generator olsa belə. Amma Bakıda işıq sönmür? Düzü qoyduğumuz suallara özümüz də bir cavab tapıb anlam verməkdə çətinlik çəkilir. Heç 90-cı illərin günlərlə işıqsız qalaraq ağır sınağından keçmiş bu xəstəxanalarda çox təsadüf hallarda ölüm hadisəsi baş verirdisə indi yüksək keyfiyyətlə təmir olunmuş və avadanlıqlarla təchiz olunmuş xəstəxanadan az qala gündə bir meyid çıxır. Hətta nəzərə alsaq ki, indiki həkim və tibbi personal təcrübə artırmaq məqsədilə ildə bir neçə dəfə son tibbi yenilikləri öyrənmək üçün dövlət hesabına kurslara cəlb olunur. Hələ son dövrün 50-100 manat artıq almaq üçün hazırda bəhanəyə çevrilən keysəriyyə üsulu tamam başqa bir mövzudur.
Axı sovetlərdən miras qalan bu sistemdə bir iynədə dərmanın dozasına görə azca səhvə yol verən tibb işçisi səhvinə görə şiddətli töhmət alır və ya işdən xaric edilirdi. İndi isə əksinə olub. Xəstəxanada adam ölür. Az qalır ki, ölənə töhmət verilsin.