Rusiyada vahid seçkilər günü
18.09.2016 556 0.0 0

Bu gün Rusiyada vahid seçkilər günüdür. Ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının - Dövlət Dumasının deputatlarını, o cümlədən Federasiya subyektlərinin başçılarını və Rusiyanın 38 subyektində dövlət hakimiyyətinin qanunvericilik orqanına deputatları seçirlər.
 
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, 95 mindən çox məntəqədə keçirilən seçkilərdə 111,6 milyondan çox seçici iştirak edir. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb. Artıq Bakı vaxtı ilə 00:00 -də Rusiyanın şərqində, Çukotka, Maqadan və Kamçatkada, Tıva vilayətlərində başlayan seçkilər yekunlaşıb. Səslərin sayılmasına başlanılıb. 
 
APA-nın Moskva müxbiri paytaxtın Xamovniki rayonunda yerləşən 160 saylı seçki məntəqəsində olub. Şəhərin mərkəzində yerləşən seçki məntəqəsində seçici fəallığı müşahidə olunub. Paytaxt sakinləri normal qaydada seçki hüquqlarından istifadə etdiklərini bildiriblər. Seçki məntəqəsində Rusiya Dövlət Dumasının deputatlığına namizədlərin təmsil olunduğu siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatlardan olan müşahidəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri olublar. 

160 saylı seçki məntəqəsinin sədri Aleksandr Qulikov APA-ya bildirib ki, seçki məntəqəsi səhər saat 8-dən etibarən açılıb: "Seçki qutularının hamısı möhürlənib. Seçki prosesinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Hazırda özünüz də gördüyünüz kimi seçicilər fəallıq nümayiş etdirirlər. Hər kəs gəlib öz səsini verir. İndiyə kimi bir heç bir pozuntu qeydə alınmayıb"
 
Məntəqə sədri qeyd edib ki, saat 15:00-a qədər məntəqədə 37 faizə qədər seçici artıq seçki hüququndan istifadə edib. Bu şəhərin mərkəzində yerləşən seçki məntəqəsi üçün yüksək göstəricidir. Bu onu göstərir ki, seçki fəallığı çox yüksəkdir”.
 
Ədalətli Rusiya Partiyasından olan müşahidəçi müxbirimizlə söhbətində 160 saylı seçki məntəqəsində saat 17:00-a kimi qanun pozuntusu aşkar edilmədiyini söyləyib: "Hələlik heç bir qanun pozuntusuna rast gəlməmişik. Digər seçki məntəqələrindəki müşahidəçilərimizin verdiyi xəbərlərə görə, ümumu seçki prosesi normal keçir".

Seçkilərdə iştirak edən Moskva sakinlərindən bir neçəsi ilə söhbət edən APA-nın müxbirinə seçicilər normal şərait yaradıldığını, rahatlıqla konstitusion hüquqlarından istifadə etdiklərini söyləyiblər.
 
Rusiya Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi dünəndən etibarən fasiləsiz iş rejimində işləyir. MSK sədri və müavinləri, komissiyanın üzvləri bütün regionlarda gedən seçki prosesi ilə bağlı saatbasaat İnformasiya Mərkəzində fəaliyyət göstərən yerli  və xarici jurnalistlərə məlumat verirlər. Saat 12:00, 15:00 və 18:00-da bütün regionlar üzrə ayrılıqda və bütün ölkə üzrə seçici fəallığı hesablanaraq bütün məlumatlar MSK nümayəndələri tərəfindən ictimaiyyətə ötürülür.
 
MSK-nın İnformasiya Mərkəzində 154 KİV-i təmsil edən 1500-ə yaxın jurnalist seçkiləri işıqlandırmaq üçün akkreditə olunub. KİV-lərdən 84-ü xarici ölkələrin Rusiyadakı təmsilçiləridir.
 
Saat 15:00-a olan məlumata əsasən, seçkilərdə ölkə üzrə seçicilərin 33 faizi iştirak edib. MSK sədrinin müavini Nikolay Bulayev bu göstəricinin olduqca layiqli olduğunu söyləyib.
 
Artıq seçkilərdə iştirak edən bir sıra partiya liderləri seçki prosesi ilə bağlı fikirlərini bildiriblər. Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov seçkilərin şəffaf keçirildiyini söyləyib: "Lakin hələ seçkilərin sonunu və səslərin sayılması prosesini gözləmək lazımdır. Bizim partiyamızın qiymətləndirməsinə görə, Rusiyanın 85 subyektindən 57-də seçki prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb".
 
Kommunistlərin lideri Gennadi Zyuqanov da bu vaxta kimi bəzi məqamları çıxmaq şərti ilə seçkilərin normal keçdiyini söyləyib: "Hələ ki, nəsə söyləmək tezdir. Səsvermə prosesinin sonunu və ən əsası, səslərin sayılmasını gözləmək lazımdır. Bu seçkilər vətəndaşlarımıza ölkədə nə baş verdiyini anlatmağa kömək edəcək".  
 
Müxalif "Yabloko" partiyasının sədri Emiliya Slabunova seçici fəallığından şikayətlənib: "Seçki prosesinin keçirildiyini görürük. Təəssüflər olsun ki, seçici fəallığı aşağıdır".
 
 "Vahid Rusiya" Partiyasının Ali Şurasının katibi Sergey Neverov seçkilərdən faiz göstəricilərinin əsas olmadığını, seçkilərin legitimliyinin əsas olduğunu söyləyib.
 
Seçkilər Moskva vaxtı ilə saat 20:00-da yekunlaşacaq. Daha sonra səslərin sayılmasına başlanılacaq. 
 
Qeyd edək ki, 2003-cü ildən etibarən Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər proporsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçiləcək. Deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizədlər mübarizə aparırlar. Ümumilikdə Duma seçkilərinə 6,5 min namizəd qeydə alınıb. Dövlət Dumasına bir yer uğrunda 15 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının federal siyahısında 14 partiya – “Rodina”, “Rusiya Kommunistləri", "Rusiya Pensiyaçıları", "Vahid Rusiya", "Yaşıllar", "Vətəndaş Platforması", "Rusiya Liberal Demokrat", "Xalq Azadlığı Partiyası- PARNAS", "Rusiya Vətənpərvərləri", "Artım", "Vətəndaş Gücü", "Yabloko", "Rusiya Federasiyası Kommunist" və "Ədalətli Rusiya"  qeydiyyatdan keçib.
 
Son rəy sorğularının nəticələrinə əsasən hakimiyyətdəki Vahid Rusiya Partiyasının şansları yüksək qiymətləndirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar