«Rossiya 1» Azərbaycana dəstək verdi – VİDEO
21.09.2015 947 0.0 0

 

“Azərbaycan üzrə təxribatçı qətnamə Rusiya üçün siqnaldır”.

“Rossiya 1” telekanalında efirə gedən həftəlik “Vesti nedeli” (Həftənin xəbərləri) verilişində Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinə dair reportaj yayımlanıb.

Məlumata görə,  reportajda Azərbaycanın ali qanunverici orqanı Milli Məclisin Avropa Parlamenti ilə münasibətlərin kəsilməsi ilə bağlı qərarından danışılır:

“Bu, Avropa Parlamentinin Azərbaycanın “ölkədə daima insan haqlarının pozulması” və “vətəndaş cəmiyyətinə qarşı daimi represiyyalar”da ittiham edildiyi qətnaməsinə cavabdır”.

Baş verənləri şərh edən Azərbaycan Prezidenti İlham Əliyev öz parlamentarilərini dəstəkləyib, Avropa qətnaməsini isə “tamamilə əsassız, yalan, böhtan və qərəzli münasibət üzərində qurulmuş siyasi təxribat adlandırıb”.

“Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün bütün dünyanın gözü qarşısında Yaxın Şərqdən Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır, bu insanlar xarici müdaxilənin qurbanlarıdır, bu insanların ölkələri dağıdılıb, yerlə yeksan edilib.

Bunu kim edib? Xarici qüvvələr bu ölkələri dağıdıb, ölkələrin ərazi bütövlüyünü pozub, yüz minlərlə insanı məhv edib, milyonlarla insan öz yaxınlarını itirib və ondan sonra bu dözülməz şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Və görün bunları Avropada nələr gözləyir? İslamofobiya, irqçilik, ksenofobiya. Budurmu Avropa dəyərləri? Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar”, - Əliyev bəyan edib.

Avropa Parlamentində sənədi tərtib edərkən nə boş ittihamlardan, nə də yalançı dəlillərdən kənar qalıblar. Azərbaycanı jurnalist Rasim Əliyevin qətlində ittiham ediblər. Guya ki, o, cari hakimiyyəti tənqid edirdi. Amma bu aşkar yalandır.

Azərbaycan və Kipr arasında keçirilən futbol matçı zamanı futbolçulardan biri qol vurduqdan sonra azarkeşlərə nalayiq jest etmişdi, Rasim öz Facebook səhifəsində belə bir idmançının ölkəni təmsil etməli olmadığını yazmışdı.

“Onu dövrəyə alıb döyüblər. Rasimi saytda yazdığına görə cəzalandırmaq istəyirdilər. Rasim ümumiyyətlə, siyasət ilə məşğul olmurdu”, - Rasimin anasıTeyfurə Əliyeva bildirib.

“Qətnamədə məişət cinayətini süni şəkildə siyasiləşdiriblər. Bu metodika çoxdan istifadə edilir.  Bu, ölkə üçün mənfi imicin yaradılması və ona təzyiq etmək üçündür. Onlar evdə kimin böyük olduğunu göstərmək istəyirlər”, - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr Komitəsinin sədri, Azərbaycanın ATƏT-dəki heyətinin rəhbəri Səməd Seyidov əminliklə bildirib.

Avropa Parlamentinin daha bir tələbi Azərbaycan ərazisində qeyri-hökumət təşkilatlarının təcili bərpasıdır. Bu artıq təcrübədən keçirilib. Bu QHT-lərin nəyə lazım olduğunu və xarici agentlərin ölkənin daxili siyasətinə qarışmasının nə ilə nəticələndiyini 2013-cü ildə prezident seçkilərindən öncə Azərbaycan gördü. Qərb pulunun hesabına müntəzəm olaraq kütləvi iğtişaşlar yaradırdılar.   

İnsanları orduda baş verən özbaşınalığa qarşı yürüş adı ilə yığdılar, amma bir saat keçməmiş şüarlar “Azad Azərbaycan!” və “Hakimiyyət – istefa!” şüarları ilə əvəz edildi. Hər sırada 10 nəfər, sağ yumruq havada, çox asta hərəkət edirdilər ki, kamera və fotoaparatı olan insanlar irəliləməyi çatdıra bilsinlər. Hamı tünd rəngli gödəkçələrdədir.

Koordinatorlar ağ geyimli insanlar idi. Öndə pencəkli insan sağ cinahın geri qalmamasına nəzarət edirdi.

Ağ köynəkli adam – Ruslan Əsədovdur, qərargahı – Vaşinqtonda olan Amerikanın “Milli demokratiya institutu”nun – NDİ-nin ştatda olan işçisi.

Təşkilatın nümayəndələri daha sonra etiraf ediblər: mitinqi öncədən hazırlayıblar. Sosial şəbəkələr vasitəsilə fəallar iki yüz min ismarıc yollayıblar. Perspektivli namizədlər ilə şəxsən görüşüblər.

“Bu gün Azərbaycan sabitliyin qorunub-saxlandığı yeganə müsəlman ölkəsidir. Rusiya ilə artan mal dövriyyəsi Moskvaya qarşı sanksiyalar tətbiq edən Qərbin narazılığına səbəb olmaya bilməz”, - deyə, Trend News Agentliyinin Rusiya xidmətinin rəhbəri Elmira Tarıverdiyeva qeyd edib.

“Bizim Rusiya ilə münasibətlərimiz açıq-aşkar kimisə qıcıqlandırır. Suriyadakı miqrantlarla bağlı məsələdə bizim mövqelərimiz praktiki olaraq, üst-üstə düşür. Yaxın Şərqi qarışqa yuvası kimi qarışdıran elə Qərb oldu. Hər şey Tunisdən başladı, daha sonra Liviya, İraqa keçdi”, - deyə, politoloq, Qərb universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Fikrət Sadıqov bildirib.

Avropa Parlamentinin qətnaməsi – ekspertlər davam edirlər – Azərbaycanın son illərdə NATO ilə yaxınlaşmaqdan imtina etməsinə reaksiyadan başqa bir şey deyil. Təkliflər müntəzəm daxil olur. Maksimum nail olduqları isə budur ki, Bakı Şimali Atlantika İttifaqına nəqliyyat təyyarələrini öz bazalarına endirməyə icazə verdi. Silahdan başqa hər şey daşımaq olar şərti NATO-nu açıq-aşkar qane etmir.

Azərbaycanın şərqindəki qəsəbələrdən birində yerləşən hərbi aerodromda NATO təyyarələri müntəzəm eniş edirlər. Bundan sonra yüklər Xəzər dənizi üzərindən Əfqanıstana yola salınır. NATO rəhbərliyi Ukraynadakı müharibənin qızğın vaxtında Azərbaycan ərazisindəki hərbi texnikasının sayını artırmaq məqsədilə məxfi sənəd imzalayıb. Əsas fikir Azərbaycanla əməkdaşlığın təcili genişləndirilməsi, əsas məqsəd isə Rusiyaya aşkar siqnal verməkdir.

Bakı buna cavab olaraq, öz snayper silahlarının istehsalına başladı, NATO-ya daxil olmaq məsələsini isə heç qaldırmayıb belə. Bu arada Rusiya ilə münasibətlər ildən ilə möhkəmlənir. 2015-ci ilin əvvəlindən ölkələr arasında qarşılıqlı mal dövriyyəsi 6% artıb və bu hələ son deyil, ekspertlər əmindirlər.

Rusiyada mağazaların piştaxtalarında Azərbaycan tərəvəzləri və meyvələri günbəgün artır, indi bu məhsulları gömrükdəki “yaşıl dəhliz”lə ixrac etmək mümkündür. Rusiyadan Azərbaycana isə milyardlarla kubmetr qaz – “Qazprom” Bakının neft şirkəti ilə danışıqlar aparır – artıq bu ilin sonunda nəql oluna bilər”, - deyə, “Rossiya 1”in reportajında qeyd olunur./oxu.az/  

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar