Reuters: OPEC-in uzunmüddətli strategiyası razılaşdırılıb
01.11.2016 636 0.0 0

OPEC üzvü olan ölkələrin nazirləri kartelin uzunmüddətli strategiyasını razılaşdırıb. Məlumata görə, bu barədə "Reuters" agentliyinə OPEC-dəki mənbə bildirib.

 

Bildirilir ki, əldə olunan razılıq təşkilat daxilində olan fikir ayrılığının aradan qalxdığına işarə edir. Fikir ayrılığı əsasən neft hasilatının tənzimlənməsi ilə bağlı idi.

Sənədin razılaşdırılmasına dəfələrlə İran və Əlcəzair kimi OPEC-ə üzv olan ölkələr əngəl törədib. Adıçəkilən ölkələrin rəsmiləri bildirdi ki, OPEC üzvləri bazar paylarını qorumalıdır.

 

Bununla yanaşı, OPEC-in qeyri-formal lideri olan Səudiyyə Ərəbistanı 2014-cü ilin sonundan etibarən bildirir ki, neftin qiymətini bazar müəyyənləşdirməlidir, kartel üzvləri isə hasilatı azaltmamalıdır.

 

OPEC üzvləri sonuncu dəfə uzunmüddətli strategiyanı cari ilin may ayında müzakirə ediblər, lakin konsensus əldə etmək mümkün olmayıb. Bundan sonra Ər-Riyad mövqeyini dəyişərək neftin qiymətinin artması naminə hasilatı azaltmağa razılıq verib. Sentyabr ayında Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri 8 il ərzində ilk dəfə olaraq sutkalıq hasilatın 32,5 - 33 mln. barrelə səviyyəsində məhdudlaşdırılmasına dair razılıq əldə edib.

 

Mənbə bildirib ki, razılaşdırılmış strategiya ilkin versiyadan bir qədər fərqlənir: "Sənəd bir qədər korreksiya olunub".

 

Digər mənbənin sözlərinə görə, OPEC üzvü olan ölkələrin nazirləri qərara alıb ki, kartel neft bazarının tənzimləyicisi rolunu qaytarmalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar