Ərdoğan Çindən ABŞ-a sərt mesaj göndərdi
05.07.2019 545 0.0 0

Ankara artıq "F-35"lərin tədarükü üzrə Birləşmiş Ştatlara 1,4 milyard dollar ödəyib

 "Birləşmiş Ştatlar Ankaranın ödəmələrinə baxmayaraq, Türkiyəyə beşinci nəsil "F-35" tipli qırıcıları verməməklə soyğunçuluqla məşğul olur". "Habertürk"ə istinadən xəbər verir ki, bunu Çində jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

"Əgər sizin müntəzəm olaraq ödəmələr edən müştəriniz varsa, siz ona necə istədiyini verə bilməzsiniz?" - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Ankara artıq "F-35"lərin tədarükü üzrə Birləşmiş Ştatlara 1,4 milyard dollar ödəyib.

Qeyd edək ki, daha əvvəl Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket komplekslərini alsa, ABŞ istehsalı olan "F-35"ləri ala bilməyəcək.

Xatırladaq ki, iyunun 28-i Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd olunur ki, büdcə layihəsinin 1236-cı bəndidə "F-35"-lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

 

Eyni zamanda, Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-i ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər" - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik" - Endryus vurğulayıb.

 

 

Qeyd edək ki, iyunun 8-i Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb. Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da, ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub./Sputnik.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar