UMİD PARTİYASI "AZADLIQ" RADİOSU İLƏ BAĞLI BƏYANAT VERDİ
27.12.2014 702 0.0 0

Ümid Partiyası "Azadlıq" radiosunun Bakı bürosunun ofisində aparılan axtarış və ofisin möhürləməsi ilə bağlı bəyanat yayıb.

 

Qazeta.info-nun məlumatına görə bəyanatda deyilir:

 

Dekabrın 26-da Baş Prokurorluğun əməkdaşları tərəfindən “Azadlıq” radiosunun “Caspian Plaza” mərkəzində yerləşən Bakı bürosunda axtarış aparılıb və ofis hüquq mühafizə orqanları tərəfindən möhürlənərək qapadılıb. Faktiki olaraq radionun Bakı bürosunun fəaliyyəti dayandırılıb.
 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinin verdiyi məlumatda bildirilir ki, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Lakin ictimaiyyətə cinayət işinin kimə və nəyə aid olduğu barədə ətraflı məlumat verilməyib.
 

Ümid Partiyası hesab edir ki, baş verənlər beynəlxalq aləmdə ölkənin imicinə ciddi ziyan vur. Azərbaycan hakimiyyəti dəfələrlə ABŞ-la strateji əməkdaşlıq etdiyini, müttəfiq olduğunu və iki ölkə arasında cari dövrdə də müttəfiqliyi davam etdirəcəyini bəyan edib. Müttəfiq ölkənin konqresinə məxsus olan bir radioya qarşı bu cür davranışlar müsbət nəticələr vəd etmir. Xatırladırıq ki, “Azadlıq” radiosu təkcə Azərbaycanda deyil ABŞ dövlətinə müttəfiq olan və olmayan onlarla müxtəlif ölkələrdə yayımlanır.
 

Partiya Azərbaycan hakimiyyətini radioya qarşı başladılan hərəkətləri dayandırmağa, hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat verməyə, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq “Azadlıq” radiosunun fəaliyyətinə şərait yaratmağa çağırır, radionun fəaliyyətini davam etdirməsinin ölkənin maraqlarının qorunmasına daha çox xidmət edəcəyini düşünür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar