Qurban Qurbanov: `Həm bizim, həm də rəqib üçün vacib matçdır
21.11.2017 817 0.0 0

 “Ağır oyuna hazırlaşırıq. Həm bizim, həm də rəqib üçün vacib matçdır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bakıdakı son matçımızdır”. 

Məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərənin “Çelsi” komandasına qarşı Bakıda keçiriləcək oyunu şərh edərkən deyib.

45 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?

- Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumu isə oyuna qədər bilinəcək, vəziyyəti normaldır.

- Qışda heyəti gücləndirmək üçün müdafiəçi transfer edəcəksinizmi? Əksəriyyəti yaşlıdır.

- Yaşa baxmıram. Mənim hər bir yaşlı oyunçum digərlərinə nümunədir. Hazırda yalnız sabahkı oyun barədə düşünürük.

- İbrahim Şehiçə güvənməkdə davam edəcəksiniz?

- Komandamda olan hər bir oyunçu mənim üçün önəmlidir. Onların hamısına güvənirəm. İki heyətlə oynamağa, klub kimi formalaşmağa bizə hələ uzun illər lazımdır.

- Komandanın 2 xal toplaması və Avropa Liqasına yollanmaq imkanı komandaya əlavə təzyiq yaratmır ki?

- Təzyiq həmişə olur. Bu, bir nömrəli turnirdir. Azarkeşlər daha yaxşı nəticə gözləyirlər. Təzyiq həmişə olur, normaldır. Lakin vəziyyəti də düzgün qiymətləndirməliyik. Biz “Çelsi”yə qarşı oynayırıq. Konte də deyib ki, bu görüş onlar üçün mövsümün ən önəmli oyunudur. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Bu komandanın nöqsanını görə bilmərsiniz. Meydanda düşünülmüş şəkildə hərəkət edirlər. Futbolçularıma güvənirəm. Rəqib oyunun gedişatında çox dəyişikliklərə əl atır. Biz üçüncü yer haqqında yox, məğlub olsaq belə azarkeşlərimizin razı getməsi barədə düşünürük.

- İlk oyundakı 0:6 hesablı məğlubiyyəti nəzərə alsaq, bu, qarşıdakı matçda futbolçularınızda həyəcan yaratmayacaq ki?

- Futbol elə səviyyəyə gəlib ki, 0:6 hesabı çox oyunlarda olur. Şehiçdən çox sual verilir. Mən də baş məşqçi kimi 0:6 uduzmuşam. Onda gərək məni də köməkçilərimdən biri əvəzləsin./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar