Qarabağın həlli ATƏT üçün çox vacibdir
02.06.2015 891 0.0 0

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə İctimai Birliyinin İdarə Heyətinin üzvləri və icma rəhbəri Bayram Səfərov arasında görüş keçirilib.

Məlumata görə, bu barədə İctimai Birlikdən xəbər verilib.

Bildirilib ki, ötən gün baş tutan görüşdə B.Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyəti barədə söz açıb, münaqişənin həlli ilə bağlı 20 ildir cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini diqqətə çatdırıb.

O deyib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər: “Münaqişə yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll edilməlidir. Biz bu istiqamətdə həm ATƏT-in Minsk Qrupundan, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.”

İ. Daçiç Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşün təşkil olunmasından məmnunluğunu söyləyib. 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir: "Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir."/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar