Putinin hərbi blokunun rəhbəri aprel hadisələrindən danışdı
08.06.2016 746 0.0 0

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərhədlərində hər hansı silahlı münaqişənın olması hərbi blokun bütün üzvləri üçün təhlükəlidir”.

Məlumata görə, bu sözləri KTMT-nin baş katibi Nikolay Bordyuja  bir neçə gün əvvəl təyin edilən Ermənistanın Milli Təhlükəsizlik üzrə Məsləhət şurasının katibi Armen Qevorkyanla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlər Bordyujadan aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən gərginliklə bağlı başçılıq etdiyi təşkilatın müvqeyini soruşublar.

Bordyuja isə jurnalistlərin sualına diplomatik cavab verərək deyib ki, onlar belə hadisələri diqqətdən kənarda qoymurlar. Təşkilat rəhbəri Rusiyanın vəziyyətin normallaşdırılması və münaqişənin həllində aktiv rol oynadığını deyib. 

 

KTMT-nin baş katibi Nikolay Bordyuja və Ermənistanın Milli Təhlükəsizlik şurasının katibi Armen Qevorkyan

 

Azərbaycan və Ermənistan arasında aprelin əvvəlində baş verən gərginlik zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana dəstək göstərməməsi rəsmi İrəvanın etirazı ilə nəticələnmişdi.

Bir müddət əvvəl Ermənistanın xarici işlər nazirinin müavini  Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan müdafiə məsələlərində  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər strukturlara deyil,  yalnız özünə güvənməlidir. O, müttəfiqlərinin və KTMT ölkələrinin öz öhdəliklərini yerinə yetirməli olduqlarını bildirib. 

Onlar hesab edirlər ki, KTMT-yə daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirib. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırdılar.

Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə etdi. Bununla əlaqədar hətta KTMT-nin İrəvanda keçirilməsi planlaşdırılan iclası Qazaxıstanın təklifi ilə təxirə salındı.  Rəsmi Astana səbəb kimi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar