Prezident Qazaxda bir neçə açılışda iştirak edib
19.10.2016 1027 0.0 0
Prezident İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.

Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.

Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.

Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və “bəy evi” bölmələri var.

Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “müasir dövr” və “Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bugünədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb.

Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb.

Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.

 

 

 

 

 

Prezident İlham Əliyev Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib.

Dövlət başçısına yarımstansiya barədə ətraflı məlumat verildi. Bildirildi ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib. “Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4–cü, respublika üzrə isə 44–cü belə yarımstansiyadır.

Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Bildirildi ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, “Azrosprominvest” müəssisəsini, “Mətanət A” şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verildi.

Dövlət başçısı “Daş Salahlı” yarımstansiyasını işə saldı.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verildi.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar