PREZİDENT SUMQAYITDA OLUB-ƏTRAFLI (FOTOLAR)
14.01.2015 950 0.0 0

Prezident İlham Əliyev Sumqayıt şəhərinə gəlib.
 


Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

 

 

 

Son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə olunması ilə müşayiət edilir. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısına parkda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, “Şəhidlər xiyabanı”nın yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb. Burada 10 metr hündürlüyündə “20 Yanvar” abidəsi ucaldılıb. Bu da 25 illiyini qeyd etməyə hazırlaşdığımız 20 Yanvar hadisələri zamanı şəhid olan soydaşlarımızın xatirəsinin hər zaman dövlətimiz tərəfindən əziz tutulduğunu göstərir.

Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə də abidə qoyulub. Qranit abidə kompleksi soyqırımı qurbanlarının heç zaman unudulmadığını, onların daim xalqımızın qəlbində yaşadığını göstərir

Prezident İlham Əliyev Nəsimi parkının digər hissələrində aparılan abadlıq-quruculuq işləri ilə də tanış oldu. Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən başlayaraq Xəzər dənizinin sahilinədək uzanan parkın ümumi sahəsi hazırda 80 hektardır. Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına şəhər mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Prezident İlham Əliyev Nəsimi parkında yeni inşa olunan “Yaşıl teatr”da yaradılan şəraitlə də tanış oldu.

Bildirildi ki, həm respublika, həm də şəhər səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə tikilən, 350 tamaşaçı yeri olan bu teatr ən müasir standartlar səviyyəsindədir. Ümumi sahəsi min kvadratmetrə yaxın olan “Yaşıl teatr”da ən son texnologiyaya əsaslanan səs və işıq sistemləri qurulub.

İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib

 

Güzəştli kreditlər hesabına son illər bölgələrdə iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib. 2014-cü ildə bu proses davam etdirilib. Fond tərəfindən indiyədək ümumi dəyəri 60 milyon manat olan 7 tekstil fabrikinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 28,4 milyon manat güzəştli kredit ayrılıb. Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Yaponiya və Türkiyənin müasir texnologiya və avadanlıqları əsasında qurulan 5 fabrik artıq istifadəyə verilib. Bu fabriklərin fəaliyyətə başlaması istehlakçıların tələbata uyğun yüksək keyfiyyətli müxtəlif tekstil və trikotaj məhsulları ilə təmin edilməsinə imkan yaradıb. Belə iri layihələrdən biri də Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikidir. Bu layihənin həyata keçirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Prezident İlham Əliyevə indiyədək Sumqayıt şəhəri üzrə ayrılan güzəştli kreditlər barədə də məlumat verilib. Bildirilib ki, indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 219-u kiçik həcmlidir və bu layihələrin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına isə 560-dan çox sakin işlə təmin olunub.

Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə salıb. 

Məlumat verilib ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.


Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb və avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.

 Layihənin icrası nəticəsində fabrikdə 200 iş yeri yaradılıb. Müəssisədə işçilərin məhsuldar çalışmaları üçün hər cür şəraitin yarandığı qeyd edilir.
 

 

Dövlət başçısı Gənclər Evinin rəmzi açılışında olub.

Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verlib.



Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu Gənclər Evi Prezidentin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib.

Binanın inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində 246 kvadratmetr torpaq sahəsi ayrılıb. Üç mərtəbə və terrasdan ibarət binada caz klub, səhnəsi olan böyük kafe-bar, art-studiya, internet klub yaradılıb. Burada, həmçinin biznes və hüquqi məsləhət mərkəzləri, vətənpərvərlik klubu, gənclər üçün “Qaynar xətt” xidməti, peşəyönümü mərkəzi, bütün müasir və zəruri avadanlıqla təchiz edilmiş videostudiya da gənclərin ixtiyarına veriləcək.

Gənclər Evinin masaüstü oyunlar otağında asudə vaxtın daha səmərəli təşkili üçün hər cür şərait var. Burada, həmçinin istedadların hazırlığı laboratoriyası və xarici dillər üzrə danışıq klubu da fəaliyyət göstərəcək.

Binadakı “dəyirmi masa” zalı da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada gənclərin potensialını üzə çıxarmaq və onu inkişaf etdirmək üçün bütün şərait yaradılıb.

Gənclər Evinin 110 yerlik müasir akt zalı da vardır. Burada gənclərlə bağlı müxtəlif tədbirləri ən yüksək səviyyədə təşkil etmək mümkün olacaq. Tədbirlər zamanı regionlardan gələn gənclərin qalmaları üçün bir və iki nəfərlik 10 otaq yaradılıb. Binanın sonuncu mərtəbəsində açıq havada 50 nəfərlik restoran gənclərin ixtiyarına veriləcək. Binanın inzibati bölməsindəki otaqların hamısı zəruri avadanlıqla təmin olunub. 

 

İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində beton məmulatı zavodunun açılışında iştirak edib

 

Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 186 milyon manat olan 18 tikinti materialları istehsalı müəssisəsinin yaradılmasına, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 70 milyon manat güzəştli kredit verilib.


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, 11 min kvadratmetr istehsal sahəsi olan və inzibati binadan ibarət zavodun ümumi dəyəri 17,6 milyon manatdır. Müəssisənin qurulmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 500 min manat güzəştli kredit ayrılıb. Tikinti sənayesinin inkişafı və istehlakçıların keyfiyyətli beton borular və döşəmə daşları ilə təmin edilməsi məqsədilə zavod dünyanın ən aparıcı şirkətlərinin son texnologiyaları əsasında qurulub.

Ümumilikdə, 7 istehsal sahəsindən ibarət bu zavod avadanlığın sayına və həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir. Dəzgahlar 8 saatlıq iş rejimində, diametrindən asılı olaraq 17-32 boru istehsal etmə gücünə malikdir. Bu da ayda 10-12 min metr beton boru istehsalı deməkdir. Boruların qəlibdən çıxarılması üçün 40 tona qədər yük qaldıra bilən 12 körpülü kran quraşdırılıb. Respublikada ilk dəfə bu zavodda termoyağlı boru istehsal xətləri tətbiq edilib.

İstehsal prosesi tam avtomatlaşdırılmış zavodda döşəmə daşları da istehsal olunur. İllik istehsal gücü 140 min metr müxtəlif diametrli beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına səbəb olur. Bu isə öz növbəsində məhsulun maya dəyərinin daha aşağı olmasına imkan verir. Nəticədə istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli beton məmulatı təqdim edilməsi mümkündür. Müəssisədə ümumilikdə 200-dək yeni iş yeri yaradılıb. Burada ofis binası, istehsalı idarəetmə mərkəzi, 150 nəfərlik yeməkxana da var.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar