PA rəsmisi: Minsk qrupu hansı məntiqli variantı irəli sürüb ki, Azərbaycan onunla razılaşmayıb?
07.10.2016 542 0.0 0

Dağlıq Qarabağ münaqişəsinin davam etməsi regionda sülh və inkişaf üçün ən böyük maneədir.

Məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.

N.Məmmədov bildirib ki, münaqişənin həll edilməsinin hüquqi əsasları BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə təsbit olunub: “Bütün bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir və tanınır. Ancaq əfsuslar olsun ki, son 10 ildə beynəlxalq hüquq yalnız sənəd olaraq qalır”.

PA rəsmisi qeyd edib ki, bu gün mövcud olan beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir:

"İş o yerə çatıb ki, dünyanın superdövləti olan ABŞ-ın dövlət katibi dünyaya mesaj verir ki, guya liderlər münaqişənin həllinə hazır deyil. ATƏT-in Minsk qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variantı irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımları atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yol odur ki, Azərbaycan və Ermənistan özləri razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə, Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır və belə bəyanatlar da buna əsas verir".

N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsindən danışan zaman Xocalı soyqırımını kənara qoymaq olmaz: "Ermənistan olmayan soyqırımı dünyaya guya həqiqətən törədilmiş soyqırım kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımdır. Dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıb"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar