NÜMAYƏNDƏMİZ AŞPA-YA ETİRAZ BİLDİRDİ.
25.08.2014 905 0.0 0

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA prezidenti Ann Brössora, AŞPA-nın Büro üzvlərinə, AŞ baş katibi Tyorbörn Yaqlanda, AŞPA baş katibi Voytsex Savitskiyə müraciət edib.

 

Məlumata görə, E.Süleymanovun müəllifli olduğu, 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nın iyun sessiyasında təqdim edilib.

 

 

Müraciətdə qeyd edilir ki, qətnamə layihəsi iyunun 27-də Büronun diqqətini çəkib və bir qərar verilməsə də, gərgin müzakirələrə səbəb olub. Qətnamə layihəsinin qaydalara uyğun olmasına və daha əvvəl rəsmi çap edilməsinə baxmayaraq, iyunun 22-də Sədarət Komitəsində Katiblik bu qətnamə layihəsinə qarşı son dəqiqə prosedur etirazı qaldırıb. Üzvlər də Katibliyə qarşı danışmağa tərəddüd ediblər. Nəticədə qətnamə layihəsinin məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə yekdil qərar verilib.

 

E.Süleymanov müraciətində bildirib ki, AŞPA baş katibi V.Savitski iyunun 23-də bu “centlmen sazişi” barədə ona məlumat verib. İyunun 23-də baş tutan görüşdə E.Süleymanova sanksiyalar tələb etməyən qətnamə layihəsini müvafiq şəkildə yenidən yazmaq və 18 saat ərzində tələb edilən imzaları yenidən toplamaq təklif edilib. Eyni zamanda bu görüş zamanı V.Savitski E.Süleymanova bildirib ki, əgər tələb olunan formatda yeni qətnamə layihəsi təqdim etməsə, katiblik tərəfindən bu mövzuda yeni bir qətnamə layihəsi hazırlanacaq: “İlk qətnamə layihəm tamamilə qaydalara uyğun olduğu üçün əvvəlcə bu təklifi qəbul etməkdən imtina etdim. Lakin Katiblik tərəfindən ciddi təzyiqi anladığımdan, tələb edilən qısa vaxtda yeni qətnamə layihəsi irəli sürməyə müvəffəq oldum. Olduqca təəccüblüdür ki, hətta kompromisə gedərək yeni qətnamə layihəmi irəli sürdükdən qısa müddət sonra eyni mövzuda (!) üçüncü, beynəlxalq ictimaiyyəti aldadan, Azərbaycan xalqının gözünə kül üfürən növbəti formal xarakterli, aldadıcı və faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini özündə ehtiva etməyən, Voytsex Savitskinin mənə iyunun 23-dəki görüşdə dediyi qətnamə layihəsi üzə çıxdı. Mənim qətnamə layihəmdən bir neçə saat sonra irəli sürülmüş “Dağlıq Qarabağ münaqişəsi” adlı həmin qətnamə layihəsi açıq-aydın Ermənistanın maraqlarına xidmət edir. Burada Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin vəziyyəti işıqlandırılmır. Bu isə bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və ermənilər Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan ətraf yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinirlər. Təəssüf doğuran hal odur ki, onlar öz mətnlərinin “daha tarazlaşdırılmış” olduğunu iddia edərək, müəllifi və bəzi üzvləri bu “üçüncü” formal xarakterli qətnamə layihəsini imzalamağa inandıra bilmişdilər. Lakin bu sənəd onu imzalayanları sadəcə çaşqınlığa salmışdı, yalnız ermənilərin işğal edilmiş bütün ərazilərin vəziyyətinə dair açıq müzakirə aparmağa göstərdikləri müqaviməti ört-basdır edir”.

 

E.Süleymanov nəzərə çatdırıb ki, hər üç qətnamə layihəsi Büronun 27 iyun gündəliyinə salınıb: “Bu isə hər üç sənədin açıq-aydın qaydalara müvafiq olduğunu bildirirdi və paralel müzakirə edildi. Təəssüf ki, aydın şəkildə Ermənistanın adından hərəkət edən bir neçə Büro üzvü Büro iclasında qəsdən tam çaşqınlıq və böyük gərginlik yaratdı. Nəticədə hər üç qətnamə layihəsinə dair istənilən qərar Büronun 2 sentyabr 2014-cü ildə Parisdə keçiriləcək iclasına qədər təxirə salındı.  Düzəliş edilmiş qətnamə layihəmin Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə Sədarət Komitəsi və baş katibin centlmen sazişinin hələ də icra edilmədiyinə həqiqətən təəssüf edirəm. Qərar sadəcə təxirə salınıb”.

 

E.Süleymanov həmkarlarına müraciət edərək qeyd edib ki, onların hələ də sentyabrın 2-də Büroda Azərbaycanın işğal edilmiş bütün ərazilərinə dair açıq müzakirə, hərtərəfli məruzə və konstruktiv qətnaməyə çağıran hər iki qətnamə layihəsinin lehinə səs vermək imkanları var: “Şübhəsiz ki, ermənilər təqdim etdiyim qətnamə layihələrimə əsaslanan məruzəni qəbul etməmək üçün sizə böyük təzyiq göstərəcəklər. Sessiyadan bir neçə gün sonra Ermənistan nümayəndə heyətinin üzvü Arpin Hovannisyan tərəfindən “Azərbaycanda korrupsiya barədə yazan tədqiqatçı jurnalistlərin sıxışdırılması” adlı digər qətnamə layihəsi irəli sürüldü. Yalnız bir Azərbaycan fəalı barədə köhnəlmiş mövzuda olan bu qətnamə layihəsinin irəli sürülmə vaxtı və bütün erməni deputatların onu imzalaması təsadüfi deyil. Açıq-aşkar Azərbaycan torpaqlarını 23 ildən artıq müddətdə işğal altında saxladığı üçün AŞPA-da Ermənistan nümayəndə heyətinə sanksiya tələbindən sığortalanmaq məqsədi güdən və mənim təqdim etdiyim qətnamə layihəmdən dərhal sonra Ermənistanın müəllifliyi ilə quraşdırılan bu qondarma qətnamə layihəsi, sizcə, bilavasitə Ermənistanın işğalçı siyasətinə xidmət etmirmi?  Azərbaycanın işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş, 1 milyon mülki əhalini qaçqın və məcburi köçkünə çevirmiş olan Ermənistana qarşı beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın sanksiyalar tətbiq etməməsi, əksinə, onu öz çətiri altına alaraq sanksiyalardan sığortalaması işğalçı dövlət olan Ermənistanı Azərbaycana qarşı yeni cinayətlər törətməyə həvəsləndirir. Cari ilin iyul ayının sonu avqustun əvvəllərində Ermənistan qoşunların təmas xətti boyunca və cəbhə xəttindən kənarda Azərbaycanın sərhədyanı rayonları boyunca müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozması, Azərbaycana qarşı silahlı basqınlar etməsi, kəşfiyyat-təxribat əməliyyatları həyata keçirməyə çalışması ciddi silahlı qarşıdurmaya gətirib çıxarıb, və çox sayda insan tələfatı ilə, Azərbaycanın cəbhədən xeyli kənarda olan sərhədyanı rayonları olan Ağstafa, Tovuz və Gədəbəydə məktəbyaşlı uşaqların yaralanması ilə nəticələnib. Hesab edirəm ki, cəbhə xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca müxtəlif istiqamətlərdə açıq müharibəni xatırladan bu təhlükəli vəziyyətin yaranmasının beynəlxalq-hüquqi məsuliyyətini işğalçı Ermənistanla onu himayə edən və uzun illərdir ki, bu işğalçı dövləti sanksiyalardan sığortalayan beynəlxalq təşkilatlar, o cümlədən AŞPA bölüşdürməlidir. İnanıram ki, siz, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin beşdə birini 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaqsınız. İnanıram ki, siz Ermənistanın həmişəki toxunulmazlığını kor-koranə müdafiə edərək, korporativ maraqlar və sui-istifadə edilən dini həmrəylik qarşısında diz çökməyəcək, əksinə, Avropanın demokratiya, insan hüquqları və qanunun aliliyi evində, hamımızın həqiqətən inandığımız və ümid bəslədiyimiz bir evdə mənimlə birgə ədalət tələb edəcəksiniz. Nəhayət, inanmaq istəyirəm ki, öz obyektivliyi və prinsipiallığı ilə seçilən qüvvələr Avropa Şurasının əsas sənədlərində ehtiva edilmiş və AŞPA-da Ukrayna hadisələri ilə bağlı qəbul edilmiş qərarda göstərilən prinsiplərdən çıxış edərək, Azərbaycan ərazilərinin uzun müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmasına biganə qalmayacaq, Ermənistanın toxunulmazlığını təmin etmək istəyən qüvvələrin korporativ maraqlarının Avropa dəyərləri üzərində qələbə çalmasına imkan verməyəcək, hər iki qətnamə layihəmin məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərilməsi barədə qərar qəbul edəcəksiniz”.//APA  


Teqlər:NÜMAYƏNDƏMİZ AŞPA-YA ETİRAZ BİLDİRD

Digər xəbərlər:
Şərhlər
avatar