Nizami Gəncəvinin zəngin ədəbi irsi Perunun rəsmi mətbuatında
30.12.2021 408 0.0 0

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu ölkədəki səfir Məmməd Talıbovun müəllifi olduğu “Nizami Gəncəvi: bəşəriyyətin ədəbi zənginliyi” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda N.Gəncəvinin həyat yolu və yaradıcılığı haqda məlumat verilir, yaratdığı müstəsna ədəbiyyat nümunələri ilə Şərq intibahının ən görkəmli nümayəndəsi kimi yadda qaldığı və özündən sonra çoxəsrlik zəngin bədii miras qoyduğu haqda danışılır.

Şairin poeziya və fəlsəfəni tarix və əfsanələrlə birlikdə istifadə edərək yaratdığı nadir sənət incisi olan “Xəmsə”sindən bəhs edilir, bu xüsusda beşliyə daxil olan əsərlərdə Nizaminin özünün azərbaycanlı soykökünü daim qeyd etməklə yanaşı beynəlxalq mövzulara geniş şəkildə yer verdiyi, dərin mənəvi duyğular və bəşəriyyət haqda fəlsəfi fikirlərlə zəngin olan unudulmaz poeziya nümunələri yaratdığı söylənilir.

Məqalədə, həmçinin N.Gəncəvinin ədəbiyyatdakı təsir gücünün ölkə hüdudlarını aşaraq İran, Türkiyə, Hindistan və Mərkəzi Asiyaya qədər yayıldığı, öz universal mövzuları və ədəbi innovasiyaları ilə bu bölgələrin ədəbi-bədii mühitinə önəmli təsir göstərdiyi bildirilir.

Sonra dahi şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyi, əlyazmalarının nadir surətlərinin dünyanın aparıcı kitabxana və muzeylərində qorunub saxlanıldığı, habelə Nizami yaradıcılığının poeziya ilə yanaşı dünya teatr və kino sənətinin, eləcə də miniatür rəsm sənətinin inkişafına önəmli töhfələr verdiyi qeyd ounur.

Sonda bu il N.Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğu və bu münasibətlə 2021-ci ilin ölkəmizdə “Nizami ili” kimi qeyd olunduğu deyilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar