Neftin qiyməti haqda arzuolunmaz proqnoz- 10 dollar düşəcək
12.01.2016 470 0.0 0

Böyük Britaniyanın “Standard Chartered” bankının analitiklərinin neftin qiyməti ilə bağlı proqnozları rezonansa səbəb olub. 

Xarici mətbuata istinadən verilən məlumata görə, britaniyalı analitiklər neftin 1 barrelinə görə qiymətinin 10 dollara qədər düşə biləcəyini açıqlayıb. Onlar bunun neft bazarında yaranmış vəziyyətlə əlaqədar olduğunu deyirlər.

“Biz hesab edirik ki, neftin qiyməti 10 dollara qədər düşə bilər. Bazar iştirakçıları da artıq hər şeyin gec olduğunu başa düşürlər”, - deyə xarici mütəxəssislərin hesabatında bildirilib. 

Dünyanın bir çox digər banklarının (Barclays, Macquarie, Bank of America, Merill Lynch və Societe Generale) bu həftəyə açıqladığı proqnozlar da 2016-cı ildə neftin qiyməti ilə bağlı ürəkaçan heç nə demir.

Dünya analitikləri bildirir ki, “qara qızıl”ın getdikcə qiymətdən düşməsi Çin iqtisadiyyatındakı vəziyyətlə və neft bazarında 1,5 milyon ton artıq neftin hasil olunması ilə bağlıdır. 

Yerli mütəxəssislər də, dünya iqtisadiyyatında baş verən son hadisələrdən sonra neftin qiymətinin 10 dollara qədər düşməsi proqnozunu real qiymətləndirir. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bazarda hadisələrin sürətlə cərəyan etdiyi, eyni zamanda Çin fond birjasındakı təlatüm ərəfəsində belə bir enməni gözləmək olar. Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı şok yarada biləcək rəqəmləri yaxın 10 gün ərzində görmək mümkün olacaq:

 

“Hər il yanvarın 20-25-i arasında ötən ilin 4-cü rübünün yekunları dərc edilir. Məhz bundan sonra adəti üzrə neftin qiymətində də nəzərəçarpan enmələr olur. Məsələn, 2015-ci il yanvarın 20-25-də 2014-cü ilin 4-cü rübünün nəticəsi açıqlandıqdan sonra neftin qiyməti 49 dollardan 44 dollara düşmüşdü. Odur ki, bu il təxminən 10 dollara qədər enməni də gözləmək olar”, - deyə İlham Şaban qeyd etdi.

 


İlham Şaban - iqtisadçı


Dünya bazarlarında isə neftin qiyməti ucuzlaşmaqda davam edir. 2004-cü ildən bəri ilk dəfə qiymət 31 dollardan da aşağı enib. 
Belə ki, “Brent” markalı neftin qiyməti ucuzlaşaraq 30,67 dollara, “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 30,62 dollara düşüb.

Görünür, iqtisadi proseslər hələ 2016-cı ilin ilk rübündə də "qara qızıl"ın dəyərində artımların olmasına əngəl olacaq. Dünyanın ikinci böyük iqtisadiyyatı sayılan və ən böyük neft alıcısı olan Çində vəziyyət düzəlməyincə bu sahədə müsbət dönüş gözləmək mümkün olmayacaq. Çinin iqtisadi tempi isə gözlənilənlərin əksinə doğru getməkdədir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar