Mübariz Qurbanlı: Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparılır
28.11.2016 560 0.0 0

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, M.Qurbanlı Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Komitə sədri iki ölkə arasında din sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin mövcud olmadığını önə çəkən Komitə sədri ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.

M.Qurbanlı Azərbaycanda dini radikal qruplara qarşı ciddi mübarizə aparıldığını, ölkəmizdə bu cür qrupların sosial bazasının mövcud olmadığını və Azərbaycanın bu sahədəki təcrübəsinin digər ölkələr tərəfindən maraqla qarşılandığını bildirib.

Azərbaycan-İran arasında etimad və dostluq münasibətlərinin bundan sonra da davam edəcəyini deyən səfir qarşılıqlı səfərlərin təşkilində, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində birgə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Səmimi qəbula görə minnətdarlıq edən C.Cahangirzadə bu cür görüşlərin ölkələr arasında münasibətlərin daha yüksək xətlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.

M.Qurbanlı onun Azərbaycan-İran arasında dini və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi də iştirak ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar