Mübariz İbrahimovun şəhadətindən 9 il ötür
18.06.2019 523 0.0 0

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin birinci sinifinə gedib. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun cəsədini 141 gün saxlamışlar. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında yayımlamışlar. Danışıqlardan sonra hərbçi Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən alınmışdır. Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimindən sonra şəhid qəhrəman dəfn edilib./bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar