«MTN işi» daha iki naziri bitirəcək
13.11.2015 728 0.0 0

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra ölkənin ictimai-siyasi həyatında “yatmış vulkanlar” oyanmağa başladı.

Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə (MTN) rəhbərlik etdiyi zamanlarda onun kurasiyasında olan bir neçə yüksək rütbəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərə imza atıb.

İş adamlarının sıxışdırılması, onların təqsirsiz yerə MTN zirzəmilərinə doldurulması, ağlasığmaz işgəncə metodları və s. kimi qeyri-qanuni qaranlıq əməllər Eldar Mahmudov şef postu ilə vidalaşdıqdan sonra gün işığına çıxdı.  

Bununla belə, baş verən hadisələrin əhatə dairəsi təkcə MTN-dəki generallarla məhdudlaşmayıb.  

Yerli mətbuatın yazdığına görə, Eldar Mahmudovun şəbəkəsi o qədər dərin yerlərə qədər kök atıb ki, onun bir ucu başqa nazirliklərə də gedib çıxır.

Ötən gün ölkə başçısının sərəncamı ilə hökumətin daha bir üzvü- rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən kənarlaşdırılması da "MTN işi" ilə əlaqələndirilir. 

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN)  apardığı yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyətə MTN-nin hazırda həbsə olan bir neçə əməkdaşı rəvac verib.  

Başlanmış cinayət işi üzrə RTYN-nin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov həbs edilib. 
Deməli, Əli Abbasov üçün xoş olmayan bir dilemma ortaya çıxır. Əgər Əli Abbasovun nazirlik əməkdaşlarının əməlindən xəbəri olmayıbsa, demək o, işçilərinə nəzarət edə bilməyib. Yox, xəbəri olubsa, demək qanuzsuzluq edib.  

Bu həbs dalğasının böyüyəcəyi və dalğanın altında başqa vəzifəli şəxslərin də “boğulması” gözlənilir.  

Məlumata görə, “MTN işi”nə görə bir neçə nazir də vəzifəsindən gedəcək.  

Qeyd olunur ki, yaxın günlərdə (ya da aylarda) MTN hadisələrində fiqurant olan daha iki nazir öz postu ilə vidalaşacaq.

Onların siyahısı da bəllidir və hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.  /modern.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar