Milli Məclis `Media haqqında` qanun layihəsini II oxunuşda qəbul edib
20.12.2021 311 0.0 0

Milli Məclisin (MM) iclasında ikinci oxunuşda “Media haqqında” qanun layihəsinə baxılıb.

Qazeta.info MM-in məlumatına əsasən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Medianın İnkişafı Agentliyinin Hüquq və İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktoru Rəqsanə Kərimova, Mətbuat Şurasının sədri Əflatun Amaşov iclasda iştirak edirlər.

Qanun layihəsini ikinci oxunuşda təqdim edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında “Media haqqında” qanun layihəsinin hazırlıq mərhələsində, o cümlədən müxtəlif platformalarda – Milli Məclisdə və digər məkanlarda keçirilən görüşlərə, dinləmə və müzakirələrə ideya-siyasi və təşkilati dəstəyə, birbaşa iştiraka və yardıma görə Milli Məclisin sədri Sahibə Qafarovaya işçi qrupu adından təşəkkür edib. Bildirib ki, istər Milli Məclis üzvlərinin, istərsə də parlament Aparatının bütün resurslarının bu müzakirələrə səfərbər edilməsi razılıq hissi doğurur.

Sonra komitə sədri qanun layihəsi ilə bağlı görülən işlərə dair məlumatları diqqətə çatdıraraq, sənədin ötən müddət ərzində müzakirələri zamanı səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıb.

Diqqətə çatdırılıb ki, müzakirələrdə ifadə edilən fikirləri iki qrupa bölmək olar. Bunların bir hissəsi dövlət media siyasətinin müxtəlif aspektlərinə, onun tarixinə, praktiki tərəfinə yönəlib, müəyyən bir qismi isə dəqiqləşdirici xarakter daşıyır. Xüsusi olaraq qeyd edilib ki, layihədə internet televiziyaların fəaliyyətinə yasaq edilmədiyi aydın qeyd olunsa da, bununla belə işçi qrupu yeni 30.8-ci maddənin əlavə edilməsini məqbul hesab edir. Bildirilib ki, göstərilən rəqəmlər yalnız statistik hesabat deyil, ötən müddətdə parlamentin yeni media qanununun qəbulu istiqamətində sistemli, açıq və milli mənafelərə uyğun mövqeyini nümayiş etdirir.

Zahid Oruc deyib ki müzakirəyə çıxarılan qanun media sahəsində islahatların birinci mərhələsini təşkil edir. Təkmil normativ-hüquqi bazanın yaradılması media strategiyası və konsepsiyasının da qəbuluna kömək edəcək. O, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi, bununla bağlı beynəlxalq təcrübədə olan nümunələr, mediada reklam qaydaları, sosial medianın fəaliyyəti, televiziyalarda ixtisaslı kadr seçimi, yaradıcılıq səviyyəsinin yüksəldilməsi, xarici dil bilən professional jurnalistlərin hazırlanması  məsələlərinə toxunub.

Komitə sədri onu da bildirib ki, hazırda qüvvədə olan qanun ancaq əmək müqaviləsi ilə işləyən ştatlı və ştatdankənar müxbirlərə jurnalist statusunu şamil edir. Yeni layihə isə həm əmək müqaviləsi, həm də mülki hüquq müqaviləsi ilə işləyən jurnalistləri əhatə edir. Heç bir müqavilə bağlamadan, yazılarını özünün veb-saytında yayımlayan şəxs isə artıq onlayn-media subyekti kimi çıxış edir və onunla qurulan münasibətlər bu çərçivədə tənzimlənəcək. O, blogerlərin fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar diqqətə çatdırıb ki, qanun layihəsində  bununla bağlı və ümumiyyətlə, sosial şəbəkələrə aid müddəalar yer almayıb. Layihə ancaq peşəkar jurnalistika səviyyəsində olan münasibətləri sağlamlaşdırmağa xidmət edir. Habelə, layihədə hadisələrin və faktların qərəzsiz və obyektiv şərh olunması tələbi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, sənəddə göstərilən normalar jurnalistin şərhinə deyil, mediada dərc olunan, yayımlanan informasiyalara olan tələbləri nəzərdə tutur. Jurnalistin təhsili ilə bağlı sualla əlaqədar qeyd olunub ki, layihədə ali təhsil tələbi qoyulmayıb. Bu meyar yalnız jurnalist vəsiqəsinin təqdim edilməsi zamanı nəzərə alınacaq. O da qeyd edilib ki, layihədə hər hansı bürokratik əngəl nəzərdə tutulmayıb, əksinə peşəkar jurnalistlərə lazımi şərait yaratmaq, keyfiyyətli xəbər istehsalını təşviq etmək, xarici informasiya məkanına inteqrasiya olunmaq kimi müddəalar yer alıb.

Zahid Oruc çıxışında siyasi partiyaların və dövlət orqanlarının media subyekti yaratmaq hüququ ilə əlaqədar layihədə göstərilən normaları şərh edib, gizli audio və video yazılardan, foto çəkilişlər barədə danışıb və onları yaymaq qaydalarını da şərh edib. Həmçinin qeyd edib ki, medianın bütün yaş kateqoriyalarına nüfuz etməsini nəzərə alaraq, ictimai mənəviyyatın qorunması üçün sənəddə müvafiq normalar da müəyyənləşdirilir. 

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək layihə ətrafında bir neçə dəfə çox geniş və səmərəli müzakirələrin aparıldığı söyləyib, səsləndirilən cavabların məqbul olduğunu deyib.

Sonra qanun layihəsi ilə bağlı müzakirələrdə çıxış edən parlamentin komitə sədri Musa Quliyev, deputatlardan Fazil Mustafa, Azay Quliyev, Sahib Alıyev, Vahid Əhmədov, Nigar Arpadarai, Etibar Əliyev, Aqil Abbas, Sabir Rüstəmxanlı qanun layihəsi barədə öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar