Mədəniyyət və Turizm Nazirliyi respublika müsabiqəsi elan edib
10.09.2015 920 0.0 0

 

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında" 27 iyul 2015-ci il tarixli əmrinə uyğun olaraq müsabiqə elan edib.

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən Qazeta.info-ya verilən məlumata görə, "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında" 27 iyul 2015-ci il tarixli əmrinə uyğun olaraq, nazirlik tərəfindən əhalidə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədi ilə 2015-ci il sentyabr ayının 1-dən 2016-cı il fevral ayının 10-dək batal janrında (batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Bu janrda döyüş səhnələri təsvir olunur, xalqın, millətin, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir) respublika müsabiqəsi elan edir.

 

Yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər. Müsabiqənin şərtləri:

• Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan tarixinin şanlı döyüş səhifələri, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini əks etdirməli, ideya və məzmunca Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir;

• Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir;

• Sərgi-müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmri ilə yaradılacaq ixtisaslı mütəxəssislərdən, sənətşünas və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcək və qiymətləndiriləcəkdir;

• Münsiflər heyəti tərəfindən seçilmiş əsərlər nazirlik tərəfindən müqavilə yolu alınacaqdır.

 

Müsabiqədə iştirak: Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2016-cı il yanvar ayının 15-dən fevral ayının 10-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Ünvan: Bakı ş., Neftçilər prospekti, 123A, Tel: 012-493-86-33) təqdim edə bilərlər.

Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkillərini elektron poçt vasitəsi ilə g.gasimov@mct.gov.az e-mail ünvanına göndərmək olar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar