Əli Əliyevi ev dustaqlığına buraxılmadı
12.02.2022 748 0.0 0

Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində (BAM) "Vətəndaş və İnkişaf" Partiyasının lideri Əli Əliyevin şikayətinə baxılmasına başlanıb.

Yanvarın 13-də o, Bakının Yasamal Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. iddianı Sərhəd Xidmətinin zabiti Emil Cəfərov qaldırıb. İddiaya Əliyevin Sərhəd Xidmətinin qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanların ola biləcəyinə şübhəsini ifadə etdiyi müsahibəsi səbəb olub. Cəfərov və qəzada sağ qalan daha bir zabit Əliyevin ifadələrini böhtan kimi qiymətləndirib.

BAM-da keçirilən iclasda vəkillər iddia əsassız olduğu üçün cinayət icraatına xitam verilməsi haqqında vəsatət qaldırıblar.

Xüsusən, Əliyevin 14 hərbiçinin həyatına son qoymuş qəza ilə bağlı öz nöqteyi-nəzərini ifadə etdiyi qeyd edilib. O, sadəcə olaraq qəzanın səbəblərinə dair rəsmi versiyaya şübhə etdiyini bildirib. Bu zaman o, şəxsi olaraq heç kimə böhtan atmayıb.

Digər tərəfdən, vəkil Cavad Cavadov qeyd edib ki, Yasamal rayon məhkəməsində proses prosessual normaların kobud şəkildə pozulması ilə keçirilib.

"Əli Əliyevin son sözlə çıxış etməsinə imkan verməyiblər. Vəkillərin yekun çıxışa hazırlaşmasına da imkan verilməyib. Birinci instansiya məhkəməsində prosesin audioyazılarının araşdırılması bu pozuntuları təsdiq edərdi.

Bu pozuntular artıq hökmün ləğvi üçün əsasdır. Biz həmçinin cinayət icraatına xitam verilməsə, Əliyevin ev dustaqlığına köçürülməsi barədə vəsatət qaldırdıq", deyə Cavadov bildirib.

Digər vəkil Aqil Layıc da birinci instansiya məhkəməsindəki pozuntuların hökmün ləğvi üçün yetərli olduğunu hesab edir. Belə ki, hələ hökm oxunmazdan əvvəl hakim Əliyevin azadlığını məhdudlaşdırıb, nahar fasiləsində onun zaldan çıxmasını qadağan edib. "Hansı əsaslarla? Məhkəmə həbsxana deyil. Rəsmi məhkəmə qərarı olmadan şəxsin azadlığının məhdudlaşdırılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsinin pozuntusudur.

Daha sonra hakim məhkəmə zalında Əliyevin vəziyyətinin pisləşməsinə və "təcili yardım" həkimlərinin onun qan təzyiqinin 220-yə qədər yüksəldiyini bildirməsinə baxmayaraq, prosesi davam etdirib", deyə Layıc bildirib.

Amma Apellyasiya Məhkəməsi heç bir vəsatəti təmin etməyib, növbəti iclası fevralın 14-nə təyin edib./Turan/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar