İŞİD Türkiyədə genişmiqyaslı terror aktları planlaşdırır
16.05.2016 655 0.0 0


İŞİD terror qruplaşması Türkiyədə yeni terror aktları planlaşdırır. Məlumatıa görə, bu dəfə terror qruplaşmasının Atatürk mavzoleyini və Ankara Cebeci hərbi şöbəsini hədəf aldığı bildirilir.

Türkiyə kəşfiyyatının yaydığı məlumata görə, İŞİD mayın 19-da keçiriləcək Atatürkü anma, gənclik və idman bayramı münasibətilə təntənəli mərasimdə terror aktı həyata keçirməyi planlaşdırır. Qurumdan bildirilir ki, sözügedən terror hücumlarının həyata keçirilməsi üçün Suriyadan 10 terrorçu Qaziantepdən keçərək Türkiyəyə daxil olub.
İŞİD-in internet saytlarını və “Konstantiniye” adlı jurnalını izləyən kəşfiyyat qurumları təşkilatın polis və əsgərləri “kafir” adlandırdığı və onların öldürülməsinin caiz olduğunu elan etdiyini müəyyənləşdirib.

Türkiyə xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, Türkiyəyə keçən terrorçular Ankara başda olmaqla ölkənin böyük şəhərlərində 10-a qədər terror aktı həyata keçirməyi planlaşdırıb.

 


Gələn xəbərlərdən sonra ciddi hərəkətə keçən Baş Polis İdarəsi, başda Ankara olmaqla 81 şəhərə xəbərdarlıq edərək diqqətli olmağa çağırıb. Terror xəbərdarlıqlarına görə mavzoleyin mayın 19-da bağlı olacağı deyilsə də Türkiyə Baş Qərargahından bunun yalan xəbər olduğunu, mavzoleyin qapılarının xalqın üzünə açıq olacağı bildirilib.

 

Atatürk mavzoleyi

19 may 1919-cu il Türkiyədə Milli istiqlal savaşının başladığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixində Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdeddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burada İstiqlal (Kurtuluş) mücadiləsini başladıb. 

 

Mustafa Kamal Atatürk - Türkiyənin ilk prezidenti

Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub. 

1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olunub. Bu gün hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur.

Eyni zamanda bu gün həm də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il mayın 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar