İrəvanda əhali yenə ayağa qalxdı (FOTO)
15.07.2015 616 0.0 0

 

Ermənistanda vəziyyət yenidən alovlanır. Bu dəfə elektrik enerjisinin qiymətinin artmasına etiraz edən “Talana yox” hərakatının minlərlə üzvü İrəvanın mərkəzi küçəsində oturaq etiraz aksiyası keçirərək, əhaliyə divan tutan günahkar polis əməkdaşlarının cəzalandırılmasını istəyir. 

Məlumata görə, vəziyyətin gərginləşdiyini görən İrəvan Polis İdarəsi rəisinin müavini Valeri Osipyan aksiya keçirən gəncləri "başa salmağa" çalışıb. 

 


O, aksiya iştirakçılarına "xox" gələrək bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları istəsələr aksiyanı bir neçə dəqiqəyə dağıda, təşkilatçıları ağır vəziyyətə məruz qoya bilərlər. Ancaq polis belə addımlardan qaçmağa üstünlük verir. 

"Mən sizi respublika ərazisində oturaq piketi dayandırmağa, sakinlərin sərbəst hərəkətinə mane olmamağa və təntənəli yürüşü şəhər hakimiyyəti tərəfindən icazə verilmiş marşrut üzrə həyata keçirməyə çağırıram". 

V.Osipyan xəbərdarlıq edib ki, əks təqdirdə, polis lazım olan ölçüləri götürməyə məcbur qalacaq: "Siz yeni texnologiyalardan yararlanaraq insanları toqquşmalara təhrik edirsiniz. Sizdən xahiş edirəm, hörmətli vətəndaşlar, oturaq piketi dayandırın. Siz artıq sırtıqlaşırsınız, bu söz üçün üzr istəyirəm, amma siz, əslində sırtıqlaşırsınız. Vətəndaşlar sizi qınayır, danlayırlar. Özünüzə gəlin!". 

Onun sözlərinə görə, iyunun 23-də Baqramyanın prospektində baş verən hadisələrin bütün günahkarları cəzalandırılacaq.

 

Bundan sonra nümayişçilər daha da coşaraq oturaq piketi izdihamlı yürüşə çeviriblər. Etirazçılar İrəvanın Maştoç və Amiryanı mərkəzi küçələrini bağlayıblar. Onlar bu il iyunun 23-də və iyulun 6-da keçirilən aksiyalarda vətəndaşlara və jurnalistlərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının şəkillərini tutaraq onların cəzalandırılmasını tələb edirlər.

 


Yürüşün təşkilatçılarından olan Maksim Sarkisyan deyib ki, nümayişçilərin təqsirkar polislərin cəzalandırılması barədə prokurorluqdan zəmanət almayana qədər etirazlarını davam etdirəcəklər: "Bilirik ki, bəzi polis işçisinə bir gün əvvəl töhmət, kiməsə cəza verdilər, amma, bu, kifayət deyil".

Ermənistan Polis İdarəsinin rəisi Vladimir Qasparyan iyunun 23-də Baqramyan prospektində baş verən hadisələrlə bağlı yerli telekanala müsahibə verib, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən KİV nümayəndələrinə qarşı göstərilən pis münasibətə görə üzr istəyib.


O deyib ki, elektrik enerjisi tariflərinin artımına qarşı mitinq edənlərə qarşı güc tətbiq edilməsi ilə bağlı başlanılan xidməti araşdırmanın nəticələri qısa müddətdə açıqlanacaq. "Bir daha göz qabağında baş verən və müəyyən edilən səhvlərə görə KİV nümayəndələrindən üzr istəyirəm. Mən xidməti araşdırmalar barədə göstəriş vermişəm, biz bu məsələni nizama salacağıq. Bilirəm ki, mətbuat işçilərinin texniki zərər vurulub. Polis jurnalistlərə vurulmuş maddi ziyanı ödəyəcək".

Mitinq edənlər əllərində insanlara qarşı zor tətbiq edən 200 polis işçisinin fotoşəkillərini, şüarlar və plakatlar tutaraq şəhərin küçələrindən keçiblər. Onlar düşünürlər ki, məhz fotoda olan polislər etiraz edənlərə, mülki şəxslərə qarşı güc işlədib, öz səlahiyyətlərini aşaraq zorla mitinqi dağıdıblar. etiraz aksiyaçıları gecə saat 20:10-da Amiryan küçəsini bağlayıblar. Yürüş zamanı "Harada istəyəcəyik, orada oturacağıq!", "Bu bizim torpağımızdır!", "Biz ölkənin sahibləriyik!" şüarları səsləndirilib.

İyunun 23-də İrəvan polisi tərəfindən elektrik enerjisinin bahalaşmasına qarşı etiraza qalxmış “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfər, həmçinin jurnalistlər saxlanılıb, onlara qarşı qəddarlıq nümayiş olunub. 

Bir sözlə, Ermənistanda hakimiyyəti olduqca çətin günlər gözləyir. Prezident Serj Sarkisyanın taleyi isə necə olacaq, onu özündən başqa kimsə bilmir. İrəvanda suların nə vaxt durulacağını zaman göstərəcək. Ya əhali bu rejimi devirəcək, ya geri çəkiləcək. Vəziyyətin indiki gedişi xalqın geriyə addım atmayacağı kimi görünür. 

Maksim Sarkisyan - aksiyanın təşkilatçılarından

 

 


İrəvanda iyulun 14-də keçirilən etiraz aksiyası

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar