
“Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib”.
Qazeta.info ans press-in məlumatına əsasən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.
Prezident bildirib ki, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır:
“Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırım törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.
İlham Əliyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib. O qeyd edib ki, Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. "Azərbaycan Silahlı Qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.
*****
13:24 / Ərdoğan Humanitar sammitin açılışında çıxış edib
Türkiyə Suriya və İraqdan olan qaçqınlara yardım üçün 10 milyard dollar xərcləyib. ANS PRESS-in məlumatına görə, bunu Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Birinci Humanitar sammitdə çıxış edərkən bildirib.
"Suriyadan və İraqdan olan qaçqınlar bizdə sığınacaq tapıblar. Biz bombalardan canını qurtarmaq istəyənlər üçün qapımızı heç vaxt bağlamayacağıq. Təkcə 2014-cü ildə biz humanitar məqsədlər üçün 6,4 milyard dollar xərcləmişik və bu rəqəm ildən-ilə artır. Bizim qaçqınlar üçün 10 milyard dollar xərclədiyimiz bir vaxtda dünya birliyi bu istiqamətdə yalnız 456 milyon dollar xərcləyib", - deyə Ərdoğan sammitin açılışında bildirib.
O əlavə edib ki, cari beynəlxalq yardım sistemi operativ həll tələb edən problemləri aradan qaldıra bilmir: "Bu köməyin ağırlığı ayrı-ayrı ölkələrin çiyinlərinə düşür, amma hər kəs bacardığını etməlidir".