İlham Əliyev Paralampiya oyunlarında iştirak etmiş idmançılarla görüşüb- VİDEO
23.09.2016 619 0.0 0

 Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
 
Məlumata görə, dövlət başçısı görüşdə çıxış edib.
 
O bildirib ki, Azərbaycan millisi bu yarışda 11 medal qazanıb: “Bir neçə gün bundan əvvəl Rioda Paralimpiya Oyunları başa çatıb. Bizim komandamız Vətənə qayıdıb. Bu gün mən sizi dəvət etmişəm ki, sizi təbrik edim. Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır. Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərmişdir, 18 medal qazanıb. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanıblar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir. Dövlət idmançıları həmişə qayğı ilə əhatə edir və bizim idmançılarımız həm idman yarışlarında, eyni zamanda, məişətdə də nümunəvi davranış qaydaları göstərirlər. Çünki idman elə bir fəaliyyət növüdür ki, burada güclü qalib gəlməlidir, burada daim ədalət zəfər çalmalıdır”.
 
Dövlət başçısı qeyd edib ki, idmanın cəmiyyətə çox böyük müsbət təsiri var: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün idmanın çox böyük rolu var. Gənc nəslimiz - uşaqlar, yeniyetmələr sizə baxıb nümunə götürürlər ki, siz dövlətimizi necə ləyaqətlə təmsil edirsiniz, bayrağımızı yüksəklərə qaldırırsınız. Bizim paralimpiyaçılarımız Rioda bayrağımızı 11 dəfə qaldırıblar. Gənc nəsil həm bilikli, peşəkar, eyni zamanda, mütləq vətənpərvər olmalıdır. Çünki vətənpərvərlik dövlətçiliyimizin əsasıdır. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illərin mütləq əksəriyyəti şanlı-şöhrətli illərdir. Fəxr edirik ki, bu gün bu səviyyəyə qalxmışıq. Gənc nəsil bu dəyərləri mütləq gələcəkdə yaşatmalıdır ki, inkişafımız dayanıqlı olsun, Azərbaycan daim müstəqil ölkə kimi yüksək zirvələrdə olsun. Ona görə, sizin Rioda gözəl çıxışınız, eyni zamanda, gənclərə də gözəl bir nümunədir. Əminəm ki, bu yarışlardan - Olimpiya, Paralimpiya Oyunlarından sonra bizim idman bölmələrimizə müşahidə olunan axın daha da güclənəcək. Mən bu gün sizi bir daha ürəkdən təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm”.
 
Sonra təltifetmə mərasimi olub. Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya komandasının üzvlərinin təltif olunması ilə bağlı sərəncamları elan edilib.
 
Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb. Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev, “Rio-2016”da nizəatma yarışlarının gümüş medalçısı İradə Əliyeva, cüdo komandasının baş məşqçisi İbrahim İbrahimov, XV Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Ramil Qasımov Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkür ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar