İcma rəhbəri: "Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar"
21.10.2016 565 0.0 0

"Hazırda Dağlıq Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar. Artıq bir hissəsi qaçır".
 
Məlumata görə, bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov söyləyib. 
 
B. Səfərov deyib ki, Suriyadan gələn ermənilər öz ölkələrində kifayət qədər azad şəraitdə yaşayıblar: "Bu gün erməni lobbisi Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə yönləndirir. Ermənistan hakimiyyəti də həmin erməniləri bölgəyə yerləşdirməyə çalışır. Eyni zamanda təmas xəttindəki hərbi postlar boş olduğu üçün həmin ermənilərin bir hissəsinin pasportları alınır, onlar həmin postlara göndərilir. Suriyadan gələn ermənilər uzun müddət orada qalmayacaqlar, ilk fürsətdə qaçacaqlar. Artıq qaçanlar da var. Çünki elə ağır şəraitdə, səfalətdə həmin ermənilərin orada yaşamağa razılaşacağı absurddur". 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar