«Günəşli» yatağında yanğınsöndürən gəminin komandiri vəfat etdi-FOTO
08.12.2015 509 0.0 0

 Məlum olduğu kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunmuşdur.  Qazeta info Fövqaladə Hallar Nazirliyindən verilən məlumata əsasən bildirir ki, təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilmişdir. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat etmişdir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dənizçilik Məktəbini bitirmişdir. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət etmiş, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışmışdır. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıtmışdır. İki övladı var.

 

Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar