Fərhad Əliyevin qohumuna hökm oxunub
21.02.2018 880 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumudur. O, Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib. V.Əliyev uzun müddət axtarışda olub və ötən il həbs edilib.

F.Əliyev 2005-ci il oktyabrın 19-u parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. F.Əliyevin qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də həbs olunub. Hakimiyyət çevrilişinə cəhddə ittiham edilən sabiq nazir Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il, qardaşı R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında F.Əliyev və qardaşı azadlığa buraxılıb.

Xatırladaq ki, F.Əliyevin bibisi oğlu Rafəddin Əsgərov və sabiq nazirin digər qohumu Ramiz Əliyev onun cinayət işi ilə bağlı 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib. R.Əsgərov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub.

R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. İttiham aktında göstərilib ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F.Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını gizli şəkildə Azərbaycana keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.

2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafəddin Əsgərov 11 il, Ramiz Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar