Ermənilər Azərbaycan polisini ağır yaraladılar
07.04.2016 481 0.0 0


Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Təmas xəttində atəşkəs elan olunmasına baxmayaraq, düşmən yenə də təxribat əməllərindən əl çəkmir, ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv şəkildə atəşə tutur. 

 
Məlumata görə, aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da  baş nahiyəsindən ağır yaralanmış və təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilmişdir. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilmiş, bütün digər lazımı tədbirlər görülmüşdür. Hazırda onun vəziyyəti orta ağırdır. 

Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanmış, tibb personalına müvafiq göstərişlərini vermişdir.
Nazir müavini  təmas xəttində yerləşən kəndlərin, evlərin, mülki şəxslərin atəşə tutulmasının  Ermənistanın təcavüzkar siyasətinin bariz nümunəsi olduğunu və düşmən tərəfin  beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, əks hücumlar zamanı silahlı qüvvələrimizin  qarşısında tab gətirməyən Ermənistan ordusunun dinc sakinləri atəşə tutaraq əhali arasında təşviş yaratmağa cəhd etməsi, “atəşkəs” elan olunmasına baxmayaraq, cəbhə boyu ərazilərdə davamlı təxribatlar törətməsi bunu deməyə əsas verir ki, işğalçılar mənfur niyyətlərindən əl çəkmək istəmirlər. 

Bu gün Azərbaycan xalqının ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Qafqazın ən güclü ordusu kimi özünü təsdiq edən, dünya standartlarına cavab verən maddi-texnki təminatla tam təchiz edilən ordumuzun yaxın zamanda torpaqlarımızı azad edəcəyinə, dağılmış infrastrukturun bərpasına, qaçqın və məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıdacağına, azad olunmuş bölgələrdə Azərbaycan Polisinin asayişin keşiyində daha mətin dayanacağına inamını ifadə edən nazir müavini şəhidlərimizə rəhmət, düşmən gülləsinə tuş gələn yaralılara şəfa diləmişdir. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar