DİM buraxılış imtahanlarının keçirilmə tarixin açıqlayıb
14.06.2017 813 0.0 0

DİM iyunun 17-də buraxılış imtahanları keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.  Həmin gün ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 43781, XI sinif üzrə 32855). Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 - “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan

şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və  icazə vəsiqələrini, vətəndaşlığı

olmayan şəxslər şəxsiyyət vəsiqələrini və  icazə vəsiqələrini, qaçqın statusu

almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə

yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış

arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə

təsdiqlənir).

IX siniflərin buraxılış imtahanı haqqında məlumat 

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 90 imtahan binası ayrılıb.  Həmin gün 43781 ( Bakıda 32267, Sumqayıtda 4362, Abşeronda 3449, Naxçıvan Muxtar Respublikasında 3703)  nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərin buraxılış imtahanı haqqında məlumat 

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 90 imtahan binası ayrılıb.  Həmin gün 32855 ( Bakıda 24302 , Sumqayıtda 3206, Abşeronda 2378, Naxçıvan Muxtar Respublikasında 2969 )  nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 

İmtahanların idarə olunmasına, ümumilikdə 264 imtahan rəhbəri, 3356 nəzarətçi-müəllim ayrılıb. Hal-hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş- çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar