Tarix: 06.12.2016,   Saat: 14:15, Çərşənbə axşamı.          

Bugünkü hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracı keçirib.
 
Məlumata görə, budəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.
 
Qeyd edək ki, bu hərrac, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib.
Hərracda iştirak edən iddiaçılardan satışa çıxarılmış əmlak üzrə hərrac qaydalarına əsasən ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub. Bu qaliblər hərrac protokolu və alqı-satqı müqaviləsini imzalayaraq əmlak sahibi olublar. Xatırladaq ki, hərracdan sonra bu vətəndaşların özəlləşdirdikləri əmlak üzərində mülkiyyət hüquqlarının təsdiqinə dair dövlət reyestrindən çıxarışlar da qısa müddətdə və rahat şəkildə vətəndaşlara təqdim olunur.
 
Hərracda özəlləşdirilmiş 3 iri dövlət müəssisəsindən SAM səhmdar cəmiyyəti sənaye, "İsmayıllı Kəndkimya" ASC aqrar, "Zaqatala Avtonəqliyyat" ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir. Regionlarda yerləşən belə dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə irihəcmli investisiya qoyuluşlarına yol açmış olur. Belə müəssisələrin istehsal fəaliyyətinin bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılması son nəticədə regionların iqtisadi potensialının güclənməsinə imkan yaradır.
 
Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti olub, qalanları isə xidmət və ictimai iaşə sahəsinə aid olub. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir. Vurğulamaq lazımdır ki, özəlləşmiş hər bir kiçik dövlət əmlakı kiçik sahibkarlığın qurulması və biznesin inkişafı üçün əlverişli daşınmaz əmlaklardır. Hərracda belə əmlakın sahibi olan fiziki və ya hüquqi şəxs kiçik investisiya ilə yeni biznes fəaliyyətinə başlaya və özəlləşdirdiyi əmlakı digər formalarda gəlir mənbəyinə çevirə bilər.
 
Xatırladaq ki, növbəti belə hərrac  1 noyabrda keçiriləcək və 101 dövlət əmlakı satışa çıxarılıb./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 140 | Tarix: 25.10.2016, 14:03


Xəbərlər