Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək
01.12.2017 889 0.0 0

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. 

“Report”un məlumatına görə, ilk oyun günündə bir matç baş tutacaq.

Həftənin açılış matçı ölkə çempionatlarının iki daimi iştirakçısı və ən çox üz-üzə gələn cütü – “Neftçi” və “Qarabağ” arasında olacaq. 2011-2013-cü illər aralığında ardıcıl 3 dəfə qızıl medallara sahib çıxan, daha sonra estafeti Ağdam klubuna təhvil verən qonaqlar cari mövsümə də yaxşı başlamayıblar. Lakin Tərlan Əhmədovun baş məşqçi postunda Elxan Abdullayevi əvəzləməsindən sonra vəziyyət müsbətə doğru bir qədər dəyişib.

Hazırda 16 xalla 5-ci sırada yer alan “ağ-qaralar” lider “Qarabağ”dan 15 xal geri qalsalar da, “üçlüy”ə düşmək ümidlərini itirməyiblər. Bunun üçün isə iddialı komandalarla duellərdən məğlub ayrılmamaq zəruridir.

Bu kollektivlərin 70-ci dueli ərəfəsində “Neftçi”nin son 7 oyunda qələbə qazana bilmədiyini xatırlatmaq yerinə düşər. “Qarabağ” isə bu matçlarda qolsuz ayrılmayıb. Əvvəlki 69 görüşdən 26-da qalib gələn ağdamlılar, 18 qarşılaşmadan məğlub ayrılıblar.

Cari mövsümdə ilk tura təsadüf edən “Neftçi” - “Qarabağ” oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Özü də, görüşdə bütün qolları Ağdam təmsilçisinin futbolçuları vurub. Mahir Mədətovun dubl etdiyi qarşılaşmada Dino Ndlovu bir qola imza atıb. Rahid Əmirquliyev isə öz qapısını nişan alıb.

Azərbaycan Premyer Liqası

XIV tur

1 dekabr

 

18:30. "Qarabağ” – "Neftçi”

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Azersun Arena” (CBC Sport, canlı)


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar