Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
21.11.2019 101 0.0 0

Noyabrın 22-də Yaponiyanın Osaka şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqə yarışı üçün Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək nüfuzlu turnirdə 8 kişi və 5 qadın cüdoçu ilə təmsil olunacaq. İlkin sifariş ərizəsindən Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) çıxarılıb. 73 kq çəkidə çıxış edən Rüstəm Orucov olimpiya reytinqində 3825 xalla lider olduğu üçün Böyük Dəbilqəyə qatılmağa lüzum görməyib. 28 yaşlı idmançı adını 12 – 14 dekabrda Çinin Tsindao şəhərində baş tutacaq “Masters” turnirinə yazdırıb. 

Beləliklə, yarışda kişilərdən Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq) qüvvələrini sınayacaq.

Qadınlara gəlincə, heyətə Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) daxil ediliblər.

İlk yarış günündə qadınlardan 48 kq çəkidə çıxış edənlər - Əliyeva Leyla 1/16 finalda Edna Karrillo (İtaliya), Aişə Qurbanlı isə eyni mərhələdə Harriet Bonfeyslə (Malavi) görüşəcək. 52 kq çəkidəki Gültac Məmmədəliyeva Kristina Blanaru (Moldova) ilə üz-üzə gələcək.

Kişilərdə 60 kq çəkidə yer alanlar - Kəramət Hüseynov 1/16 finalda Yanislav Gerçevlə (Belarus), Davud Məmmədsoy isə eyni mərhələdə Elios Manzi (İtaliya) ilə qarşılaşacaq. 66 kq-da Nicat Şıxəlizadə 1/16 finalda Naton Börns (İrlandiya) - Beslan Muradov (Rusiya) cütünün qalibi ilə görüşəcək. Orxan Səfərov isə 1/32 finalda Jülyen Frasadorla (Kanada) üz-üzə gələcək. Bu görüşün qalibini növbəti mərhələdə rusiyalı Mixail Pulyayev gözləyəcək. 

İkinci yarış günündə qadınlarda 57 kq çəkidəki Aleksandra-Larisa Florian 1/16 finalda Tsukasa Yoşidanı (Yaponiya), İçinxorlu Munxtsedev isə eyni mərhələdə Po Sum Leunqu (Honkonq) sınağa çəkəcək.

Kişilərdən 81 kq-da çıxış edən Murad Fətiyevin 1/32 finalda rəqibi Vladimir Zoloyev (Qırğızıstan) olacaq.

Noyabrın 24-də - son yarış günündə Azərbaycanı yalnız kişi idmançılar təmsil edəcəklər. 90 kq çəkidə yer alan Məmmədəli Mehdiyev 1/16 finalda Harisson Kassar (Avstraliya) - Deril Servan Yamomoto (Peru) cütünün qalibi ilə güləşəcək. 100 kq çəkidə yer alanlara gəlincə, Elmar Qasımov 1/16 finalda Sedrik Olivar (Fransa) - Georgi Minaşkin (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Zelim Kotsoyev isə 1/32 finalda Karl-Riçard Freylə üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqədə 87 ölkədən ümumilikdə 486 idmançı - 280 kişi və 206 qadın cüdoçu mübarizə aparacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar