Bir yumruqla öldürdüm -`Berlin Pub`da qətl törədən şəxs
16.03.2022 362 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Ramin Qədimov bildirib ki, qətldə təqsirləndirilən Orxan Şahbazovu pabda görüb.

Mən, Valeh və Vüqar Vüqargildə oturmuşduq, nərd oynayırdıq. Qərara gəldik ki, "Berlin Pub"a gedək. Yer rezerv elədik, getdik. İçəri girəndə məni buraxmadılar ki, corabsızsan. Vüqar dedi ki, biz yer rezerv etmişik. Corab geyindim, keçdik içəri. İçəridə bizə dedilər ki, xanımsız gəlmisiniz, otağa buraxılmırsınız. Biz dedik ki, depozit də qoymuşuq, amma bizə deyilməyib ki, bura xanımsız gəlmək olmaz. Daha sonra Valehlə Orxan mübahisə elədi. Biz dedik ki, səbəb deyin, demədilər. Valehlə Orxan mübahisə eləyib, çıxdılar çölə. Sonra Orxan Valehi vurdu. Bir də gördüm ki, qışqırdılar ki, dostunuz öldü. Biz gəldik ki, Vüqarı öldürüblər Vüqar yerdə xırıldayırdı. Onu öz maşınımızla "Leyla Şıxlinskaya" Klinikasına apardıq. Orda dedilər ki, bunu Neyrocərrahiyyə Xəstəxanasına aparın. Ordan təcili yardım maşınına qoydular apardılar. Yolda təcili yardım döndü 3 saylı şəhər Klinik Xəstəxanasına. Ora çatanda dedilər ki, Vüqar öldü",- şahid bildirib.

Vəkilin suallarını cavablandırılan Orxan Şahbazov bildirib ki, Vüqar Mustafayevi bir zərbə ilə öldürüb: Valehlə mən dalaşırdım. Arxadan kimsə məni toxundu, elə bildim dostuna kömək edir. Onu uzaqlaşdırmaq üçün bir yumruq vurdum. Dedilər ki, öldü".

Qeyd edək ki, 2021-ci il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar