Baş mama-ginekoloq hamilə qadınlara müraciət və xəbərdarlıq edib
21.02.2017 638 0.0 0

“Heç bir qadının sağlamlığı ideal formada deyil və hər birinin subay vaxtından qalan problemləri var”.

 

Məlumata görə, Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib ki, qadın məsləhətxanasında həkim-ginekoloq hamiləyə bir neçə dəfə gəlməyi məsləhət görürsə, onda buna riayət etmək lazımdır. Bəzən gizli keçən xəstəlik barədə şübhənin olduğunu deyən S. Məmmədova bildirib ki, buna dəqiq diaqnoz qoymaq üçün müəyyən vaxt (3 gün, 1 həftə və ya 10 gün) lazım gəlir: “Çox vaxt hamilələr bunu unutduğundan təyin edilən təkrar müayinələrə gəlmirlər. Təkrar müayinələr hamilə qadının bədənində baş verən dəyişikliklər barədə ilkin diaqnostika üçün vacib addımdır. Hamilə qadının əvvəldən sağlamlığı normal olubsa, heç bir ekstra-genetal xəstəliyi olmayıbsa, onlar qadın məsləhətxanasına 7 dəfə müraciət etməlidirlər. Təəssüf ki, qadınlar və qızlar öz xəstəlikləri barədə anlayışları olmur. Həkimə hamilə qalandan sonra gec müraciət edirlər. Nəticədə bir sıra xəstəliklər hamiləlik vaxtı kəskinləşir. Bu zaman həkimə müraciət etdikdə isə ona yardım göstərmək üçün vaxt məhdudlaşır”.

 

Baş mama-ginekoloq əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ana ölümlərinin əsas səbəbləri sırasında ağır formalı preklamsiya üstünlük təşkil edir. Çox vaxt qadınlarda hamiləliyin ağır fəsadlaşması olan preklamsiya müşahidə olunur. Bu zaman qadınlarda yüksək təzyiq, sidikdə zülal və bədəndə ödəmlərin (şişlər) olduğunu deyən S. Məmmədova vurğulayıb ki, əksər vaxtlarda bu proses hamiləliyin ikinci yarısından, yəni 22-24-cü həftəsindən başlayaraq, gizli şəkildə gedir: “Əlamətlər daxildən başlayır, qadın ağırlaşır, yuxusu gəlir, əli ayağı şişir. Qohumları və ailəsi onu vaxtında həkimə yönəltməkdənsə, ana və nənəsini misal göstərərək həkimə müraciətdən yayındırırlar. Amma bu problemlər qadının həm bətnində olan dölü inkişafdan saxlayır, həm də onun özünə ciddi ziyan vurur. Qadının qaraciyərində, böyrəyində, damarlarında, göz dibində, beynində dəyişikliklər meydana çıxır. Həmin qadınlar ağırlaşmış formada xəstəxanaya daxil olanda yalnız təxirəsalınmaz halda onlara yardım edə bilirik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar