Tarix: 11.12.2016,   Saat: 10:00, Bazar.          

Bakıda süni olaraq gediş haqqını artıran sürücü işdən qovulub

Bakıda 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edilib.

 

BNA-dan verilən məlumata görə, Agentliyinin gündəlik fəaliyyətində önəm verdiyi əsas məsələlərdən biri də sərnişin avtobuslarında gediş haqqının süni şəkildə artırılması hallarını aşkarlamaq və bu kimi hərəkətlərə yol verən şəxslərə qarşı qanuna müvafiq tədbirlərin görülməsini təmin etməkdir: “Məhz son 9 ayda ictimai nəqliyyat sektorunda görülmüş kompleks işlərin nəticəsidir ki, bu kimi halların baş vermə statistikasında azalma müşahidə edilir. Lakin təəssüflər olsun ki, az da olsa bəzi məqamlarda sərnişinlər bu kimi hallarla rastlaşırlar. Belə ki, vətəndaş Məhərrəmov Bəhram Abbasəli oğlu 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib. Vətəndaşın şikayəti əsasında BNA-nın mütəxəssisləri tərəfindən, müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib və salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb və məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib”.

 

BNA-dan bildirilib ki, görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət  göstərən 90-BK-869 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib. Eyni zamanda, gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.

 

Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 371 | Tarix: 25.11.2016, 12:06


Xəbərlər