Bakıda ikinci yerüstü metro stansiya açılır
11.01.2022 324 0.0 0

2021-ci il Bakı metropoliteninin sayca 26-cı, Bənövşəyi xəttin isə 3-cü stansiyasının istismara verilməsi ilə yaddaqalan oldu. 2020-ci ilin oktyabrında metropolitendə sərnişindaşıma fəaliyyətinə qoyulmuş məhdudiyyət 2021-ci ilin may ayının son günündə ləğv edilərkən, metropoliten 26 stansiya ilə xidmət göstərməyə başlayıb.


Qazeta.info "Bakı Metropoliteni" QSC-in məlumatına əsasən bildirir ki, 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər günü şərəfinə “8 Noyabr” adlandırılan Bənövşəyi xəttin 3-cü stansiyası may ayının 29-u istifadəyə verilib. İki gün sonra isə sərnişindaşıma məhdudiyyəti aradan qaldırıldığından bu stansiya da ilk sərnişinlərini qəbul etməyə başladı.
Stansiyanın adının təşəbbüsünü də 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfərin memarı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev verib. 2020-ci ilin dekabrında Nazirlər Kabineti bu barədə Qərar imzalayıb.
Bu stansiyada da 2016-cı il aprel ayının 16-sı müstəqil Azərbaycanın ilk metro xəttinin – Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının davamı kimi ən müasir texnologiyalar tətbiq edilir. 7-vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulmuş stansiyanın platforması 144 metr, stansiya kompleksinin uzunluğu isə 363 metrdir. 3 səviyyədən ibarət, 17 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün 3 liftlə təchiz edilmiş stansiyanın arxasında qatarların yolu dəyişərək əksinə hərəkət etməsi üçün 194 metrlik keçid kamerası da inşa olunub. Yeni tipli yoldəyişdirici qurğu isə qatarların daha çevik və sürətlə bir yoldan digərinə verilməsini təmin edir. Bununla xətt boyunca qatarların intervalını tələbatdan asılı olmaraq dəyişməyə, hərəkət intensivliyini artırmağa imkan verir. 

Ən müasir sistemlərdə həlledici imza 
“8 Noyabr” stansiyası ilə bərabər bütün Bənövşəyi xətt boyunca ilk dəfə qatarların avtomatik hərəkət qrafikinin tətbiq edilir. Bu isə burada tətbiq edilən ən müasir idarəetmə sistemlərinin daha bir tərkib hissəsidir. Bənövşəyi xətdə SCADA - Müşahidə nəzarəti və məlumatların alınması şəbəkəsi qurulub, TETRA - müasir radiorabitə sistemi tətbiq edilib. Gələcəkdə qatarların radiodalğalarla idarə olunmasını (CBTC) nəzərdə tutan sistemin tətbiqinin mühüm mərhələsi olan mikroprosessor mərkəzləşməsi Bənövşəyi xətdə, o cümlədən “8 Noyabr”da təmin olunub. Onu da qeyd etmək yerinə düşər ki, “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə ehtiva edən vahid dispetçer mərkəzinin qurulması istiqamətində layihə əsasında işlər də sürətlə aparılır.
Bu sistemlər “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində qurulur. Bununla bağlı ikitərəfli saziş 2019-cu ilin martında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri zamanı imzalanıb. Bu şirkətlə əməkdaşlıq çərçivəsində Bənövşəyi xəttin 22 hektarlıq ərazidə yerləşən və perimetr boyunca ümumi uzunluğu 2400 metr hasarla əhatə edilən Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlər qurulacaq. Deponun inşasının birinci mərhələsi 2022-ci ildə yekunlaşacaq. Burada depo yollarının ölkənin dəmiryol xəttinə birləşməsi ilə yanaşı, qatarların texniki baxışı, qulluğu, xidməti və ən əsası, təmiri üçün müvafiq şəraiti olacaq sex, təsərrüfat qatarlarının müvəqqəti dayanacaq və qulluq yeri olacaq yük yeri, yeni tipli elektrik yarımstansiyası, qatarların hərəkətinin idarəetmə mərkəzi və digər infrastruktur sahələri qurulur. Ərazidə hazırda qatarların hərəkətini təmin edən sistemlər də qurulur.

İkinci yerüstü stansiya 2022-ci ildə hazır olacaq
Xocəsən deposunda sərnişinlər üçün yerüstü stansiya da tikilir. Qəsəbə və ətraf ərazilərin sakinlərinin və burada çalışanların şəhərin digər inzibati ərazilərinə yolunu xeyli qısaldacaq bu stansiya “Bakmil”dən sonra Bakı metrosunun ikinci yerüstü stansiyası olacaq. Onun inşasında da əhəmiyyətli mərhələ geridə qalıb. Müasir tələblərə uyğun olaraq, burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb. Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. 7 vaqonluq qatarları qəbul edəcək 144 m uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır. Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.

Daha bir stansiya inşa olunur
İnşaat işləri Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B-04” olan stansiyada da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir. Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya 4 səviyyədən ibarət olacaq. 2021-ci il ərzində bu səviyyələrdən birincisində - kassa zalı səviyyəsi tikilib. Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli “Qruntda divar” üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmala aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
“Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar