Bakıda ağır qəza: 42 yaşlı piyada prospektdə can verdi
02.04.2016 539 0.0 0

 

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Qazeta.info APA TV-nin məlumatına əsasən bildirir ki, hadisə Nobel prospektində qeydə alınıb. Prospketdə avtobusdan düşərək, yolu keçmək istəyən piyadanı maşın vurub.

 

Füzuli rayonunun Qarğabazar kənd sakini, 42 yaşlı Şaiq İsmayılov avtobusdan piyada keçidinin olmadığı yerdə düşüb. O, məcburi köçkün kimi məskunlaşdığı yerə getmək üçün yolu keçmək istəyib. Bu vaxt prospektlə hərəkətdə olan və 25 yaşlı Əmrahov Ramil Rasim oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil onu vurub. Zərbə nəticəsində piyada Şaiq İsmayılov hadisə yerində dünyasını dəyişib.

 

Ölən piyadanın yaxınları bildirirlər ki, eyni ərazidə tez-tez piyadaların vurulması və əksər hallarda onların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Onların fikrincə, bunun əsas səbəbi yaxınlıqda piyada keçidinin olmaması və axşam saatlarında küçə işıqlarının söndürülməsidir.

“Bir ildə burada bəlkə də 20 nəfər vurulur. Bir insan bura gətirib keçid qoymur. Belə çıxır ki, ölən qarışqadır, öldü getdi. Görün nə qədər adam var. Birinin anası ölür, birinin bacısı ölür, birinin atası ölür... Bu yetimin uşaqlarına kim baxacaq?”

 

“Saat 10 olan kimi işıqları söndürürlər. Keçidin birini aparıb qoyublar o tərəfə, birini də bu tərəfə. Birini də burda qoysunlar”.

 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib, araşdırmalara başlanılıb. Sürücünün saxlanılıb-saxlanılmadığı ilə bağlı məlumat verilmir.

 

Xətai Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Hadisəyə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxış keçirildikdən və avtotexniki ekspertizanın yekun rəyindən sonra hüquqi qiymət veriləcək.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar