Bakı Ekspo Mərkəzində sərgi keçirilir
12.05.2015 718 0.0 0

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian 2015”) və 5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgiləri öz işinə başlayıb. Hər iki sərgi Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir.
 
   5-ci Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat (“Road and Traffic 2015”) sərgisində kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət strukturları da iştirak edir. Dövlət strukturları arasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC də var.
 
   Sərginin açılışında çıxış edən Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, müasir Azərbaycan nəqliyyatının inkişafının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin rəhbərliyi ilə iri həcmli infrastruktur layihələri reallaşıb və hazırda Prezident İlham Əliyevin diqqəti sahəsində çoxlu sayda infrastruktur layihələrinin həyata keçirilməsi davam edir.
 
  Qazeta.info
“Azəryolservis” ASC-yə  istinadla bildirir ki, Nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsinin ən yüksək səviyyədə həyata keçiriləcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbirin yüksək səviyyədə təşkili üçün yol infrastrukturu, o cümlədən, Olimpiya məkanlarına gedən yollar, dayanacaqlar yenidən qurulub.
 
   Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin ümumilikdə 52 şirkəti iştirak edir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sərgidə 2009-2014-cü illər ərzində və yeni həyata keçirdiyi layihələrlə təmsil olunur. Sərgidə qurulan stenddə regionlarda 2009-2014-cü illərdə tikintisi, yenidən qurulması başa çatdırılmış avtomobil yolları və körpüləri, Bakı şəhərində 2009-2014-cü illər ərzində istismara verilmiş avtomobil yolları, qovşaq və piyada keçidləri, həmçinin I Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi idman obyektlərinin ətrafında həyata keçirilmiş işlər barədə məlumat verilir.
 
   Nəqliyyat nazirinin müavini Musa Pənahov “Azəryolservis” ASC-nin stendi ilə yaxından tanış olub, görülmüş işlər barədə nazir müavininə ətraflı məlumat verilib.
 
   Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin həyata keçirdiyi iri miqyaslı layihələr sərginin digər ziyarətçilərinin də böyük marağına səbəb olub. Sərgi may ayının 14-ə kimi davam edəcək.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar