İRANDA PARTLAYIŞ OLDU, ÖLƏNLƏR VAR
19.12.2014 929 0.0 0

İranın Kirmanşah əyalətinin Sərpol Zəhab şəhərində İran-İraq müharibəsi dövründən qalmış raket partlayıb, bir ailənin üç üzvü həlak olub. Bu barədə  İran parlamentinin rəsmi xəbər saytı icana.ir  məlumat verib.

Sərpol Zəhab şəhərindən olan deputat, Parlamentin təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fəthullah Hüseyni partlayış nəticəsində ana və iki gənc oğlunun həlak olduğunu bildirib: "Hadisə evin həyətində müharibə dövründən qalmış raketin partlaması nəticəsində baş verib. Həyətdə partlamamış digər bir raket də aşkar olunub".

F.Hüseyni qeyd edib ki, baş vermiş hadisə ilə bağlı müdafiə və daxili işlər nazirləri hesabat vermək üçün parlamentə çağırılmalı, deputatların suallarına cavab verməlidirlər: "Hələ 2012-ci ildə Sərpol Zəhab şəhərində ərazilərin minalardan tamamilə təmizləndiyi elan edilib. Buna baxmayaraq, təəssüf ki, hələ də belə hadisələrin şahidi oluruq. Mən hər iki nazirliyə məktub ünvanlamışam, onların bu cür hadisələrə görə məsuliyyət daşıdıqlarını və cavab verməli olduqlarını xatırlatmışam”.

Qeyd edək ki, İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

İranda minalanmış ərazilər əsasən İlam (1 milyon 700 min hektar) , Xuzestan (1 milyon 380 min ha), Kirmanşah (691 min ha), Qərbi Azərbaycan (59 min ha) və Kürdistan (1480 ha) əyalətlərindədir. Müharibədən sonra 16 milyon minanın bu ərazilərdə qaldığı ehtimal olunurdu. Son illərdə İranda ərazilərin minalardan təmizlənməsi sahəsində böyük işlər görülüb, lakin müharibədən 25 ildən çox bir vaxt keçməsinə baxmayaraq, hələ də bir çox şəhərlərdə minalar insan ölümünə səbəb olur.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar