Bakı Bulvarında attraksionlar pulsuz olacaq
17.12.2015 511 0.0 0

Yeni il bayramı ilə əlaqədar Bakı Bulvarında pulsuz attraksion aksiyası təşkil olunacaq. Həmin gün 15 yaşa kimi uşaqlar milli parkdakı attraksionlardan pulsuz istifadə edə biləcəklər. Hələlik aksiyanın konkret hansı gün baş tutacağı müəyyən edilməyib. 

Bunu Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də bayramla əlaqədar artıq hazırlıq işlərinə başlanılıb:

"Artıq Bulvarın bir çox yerlərində şam ağacları bəzədilir, hər ağacın yanında Yeni ilin atributları olan Şaxta baba və Qar qızın olması nəzərdə tutulur. Bulvarda iki ən böyük şam ağacı quraşdırılıb. Bunlardan biri Hökumət Evinin qarşısındadır, hündürlüyü 40 m-dir. Digəri isə Azneft dairəsindədir ki, onun da hündürlüyü 20 m-dir", - deyə qurum rəsmisi bildirdi.

Nazim Məcidov onu da əlavə etdi ki, ağaclar əsasən insanların daha çox toplaşdığı yerlərdə - Kukla teatrının yanında, Azneft meydanında, Sahil metrosundan bulvara gələn hissədə, Hökumət evinin yaxınlığında və s. olacaq. 

 


Nazim Məcidov - Bulvar İdarəsinin rəis müavini


Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Şaxta Baba və Qar Qız, cizgi filmi qəhrəmanı kimi fəaliyyət göstərmək istəyənlərə icazənin dekabrın 20-dən sonra verilməyə başlanacağını deyib. Xidmət rəhbəri əlavə edib ki, ötən illərə nisbətən bu il Şaxta Baba, Qar Qız, eləcə də digər cizgi filmi qəhrəmanı olmaq istəyənlər daha azdır. 

Bir neçə gün bundan əvvəl Əliabbas Bağırov müsahibə verərək artıq Şaxta Baba, Qar Qız və digər cizgi film qəhrəmanı olmaq istəyənlərin müraciət etdiyini söyləyib. Qurum rəsmisi onların hər birinin 60 manat civarında pul ödəyərək istədikləri personaj kimi bayram günü hamını sevindirə biləcəyini vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti rəhbərinin sözlərinə görə, əvvəlki kimi paytaxtda olan bütün ağaclar işıqlandırılmayacaq, buna həm insanlarda həvəs yoxdur, həm də bu, qənaət məqsədi daşıyır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar