«Bakı-2015» Məşəl estafeti Sumqayıtda-Fotolar
31.05.2015 637 0.0 0

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.

Bildirək ki, ilk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılandı. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izlədi.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verildi.

Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Avropa Oyunlarının məşəlinin qarşılanması mərasimindən aldığı xoş təəssüratı bölüşən rayon sakini Türkan Hidayətova ürək sözlərini belə ifadə etdi: “Sumqayıtın Avropa Oyunlarının məşəlinə qucaq açması yaddaşımızdan silinməyəcək. Belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Bu, hər ölkəyə nəsib olmur. Azərbaycan özünün inkişafı, qazandığı nailiyyətlər və idmançılarının uğurları sayəsində bu zirvəyə yüksəlib. İnanıram ki, idmançılarımız bu yarışlarda da qələbələr əldə etməklə bizi sevindirəcəklər”.

Məşəl estafetini izləyənlər arasında ağsaqqal Tamerlan Əzizov da vardı. Sevinc hissini paylaşan T.Əzizov dedi: “Nəhayət, Avropa Oyunlarının məşəli Sumqayıta da gəlib çatdı. Bu gün Sumqayıt qədim Atəşgah məbədindən alovlandırılan məşəlin işığına toplaşıb. Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da bayram əhval-ruhiyyəsi yaşanır. Belə bir möhtəşəm idman tədbirinə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi dünyanın diqqətini ölkəmizə çəkəcək. Bakıya gələn hər kəs Azərbaycanın inkişafına, zəngin mədəniyyətinə şahidlik edəcək. Bu Oyunlar Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək”.

Rayon sakini Dilşad Mustafayeva isə sevinc hisslərini dilə gətirərək bildirdi ki, Avropa Oyunlarının məşəlinin Odlar diyarının hər bir guşəsinə səfər etməsi xalqımızın bu möhtəşəm tədbirə necə ürəkaçıqlığı ilə hazırlaşmasından xəbər verir. O dedi: “Sumqayıtlılar bu günü bayram kimi qeyd edirlər. Biz ölkəmizin bu uğuruna görə Prezidentimizə minnətdarıq. Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır”.

Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salındı./azertag.az/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar